Bu il Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. İlk olaraq Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunan “Zəfər yolu” tamaşasının premyerası maraqla qarşılanıb. Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu sözləri ilin yekunları ilə əlaqədar AzərTAC-ın sorğusuna cavab olaraq teatrın mətbuat katibi Cavid Zeynallı deyib.
O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan bu yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
“Akademik Milli Dram Teatrı mayın 5-9-da Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edib və səhnə əsəri böyük uğurla təqdim olunub. Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirib.
İl ərzində teatrda görkəmli sənətkarlar Ağasadıq Gəraybəylinin, İsmayıl Osmanlının, İsmayıl Dağıstanlının yubiley tədbirləri təşkil olunub. Bundan başqa, Akademik Milli Dram Teatrı 4.4 Qısa Tamaşalar Festivalında “Küknarlara məktub” tamaşası ilə iştirak edib”, - deyə Cavid Zeynallı söyləyib.
O qeyd edib ki, sənət ocağının yaradıcı kollektivi azyaşlı tamaşaçıları da unutmayıb, onlar üçün bir-birindən maraqlı tamaşalar hazırlayıb.
Novruz bayramı günlərində nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru gənc rejissor Emil Əsgərov olub.
C.Zeynallı əlavə edib ki, teatrın bu il üçün son premyerası “Xurşidbanu Natəvan” tamaşası olub: “Bildiyiniz kimi, 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Teatrımız “Şuşa İli” və Natəvanın yubileyi münasibətilə bu tamaşanı teatrsevərlərə təqdim edib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yeni yaradıcılıq işi dövlət sifarişi ilə hazırlanıb. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Akademik Milli Dram Teatrı növbəti ildə də yeni-yeni səhnə əsərləri ilə öz tamaşaçılarını sevindirəcək”.
“Ədəbiyyat və incəsənət”
(15.12.2022)