Kinosevərlər üçün maraqlı xəbəriniz var. Paytaxt Bakıda “Türk filmləri həftəsi” təşkil olunacaq. “Türk filmləri həftəsi” dekabrın 17-dən 21-dək Nizami Kino Mərkəzində keçiriləcək.
Bu barədə mediaya Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç məlumat verib. O, bildirib ki, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakıdakı Yunus Əmrə İnstitutu, Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə reallaşacaq.
“Film həftəsi”nin açılışı dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılık Hasan” filmi ilə gerçəkləşəcək. Dekabrın 19-da isə Semih Kaplanoğlunun Nizami Kino Mərkəzində ustad dərsləri nəzərdə tutulur.
Həftə ərzində göstəriləcək “Bağlılık Hasan”, “7. Koğuştaki Mucize”, “İyi ki Varsın Eren”, “Adanış-Kutsal Kavga”, “Aşkın Ömrü”, “Ankara Yazı”, “Veda Mektubu ve Rafadan” və “Tayfa-Göbeklitepe” filmlərinə hər kəs baxa biləcək. Giriş sərbəst olacaq.
Semih Kaplanoğlu Ankara, İstanbul, Sinqapur Uluslararası və Nant -üç qitə festivallarını qazanıb.
“Ədəbiyyat və incəsənət”
(14.12.2022)