Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ötən gün balaca teatrsevərləri “Qırmızı papaq və Redmuzi” müzıklı ilə sevindirdi.
Məşhur “Qırmızı papaq” nağılının motivləri əsasında hazırlanan “Qırmızı papaq və Redmuzi” tamaşasının libretto müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti Əmrah Dadaşovdur.
Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadədir (Qırmızı papaq).
Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehrli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxdılar.
Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşdülər.
“Ədəbiyyat və incəsənət”
(13.12.2022)