“Soltan bəyi oynayan aktyor xəstələnməsəydi...” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

ÜLVİ RƏCƏB

(1903-1938)

 

***

Tale elə gətirdi ki, Türkiyədən Batuma qayıtdığım il Hüseyn Ərəblinski böyük bir repertuarla qastrola gəlmişdi, tamaşaları əsasən “Artistlər cəmiyyəti”nin zalında oynayırdılar. Gedib “Otello” tamaşasına baxdım, Ərəblinskinin Otellosu məni valeh elədi. 

– Hüseyn, səhnədə elə dəyişirsən ki, adam lap haldan çıxır, – səhnə arxasında Hüseyn Ərəblinskiyə dedim.

– Heç özüm də bilmirəm, səhnəyə çıxandan sonra hər şeyi unuduram, – Hüseyn qızardı. – Yəni belə bəyənmisən məni rolumu?

– Bəyənmisən də sözdür?! Görəsən mən də sənin kimi oynaya bilərəm?

– Gəl səni bir yoxlayaq. Sabah “Arşın mal alan” operettasını göstərəcəyik, Soltan bəyi oynayan aktyor xəstələnib, onu əvəz eləməyə adam axtarırırq, sən əvəz elə. Həm də görək qabında nə var… 

Bir gün məşq edəndən sonra səhnəyə çıxdım, Soltan bəyi oynadım və elə  o vaxtdan Batumdakı teatrın kollektivinə daxil oldum.    

 

***

Rejissor Tuqanovla Tiflisin Şeytanbazar məhəlləsində görüşdük. O, Bakı teatrının repertuarı haqqında ürəklə danışdı.

– Bakıda teatr həyatı qaynayır. Repertuar çox zəngindir, güclü aktyorlar var, amma sənin kimi bir gənc aktyorun truppaya qatılmağı teatra yeni güc verər, – dedi.

– Sizin dəvətiniz mənim üçün çox dəyərlidir, Aleksandr Aleksandroviç, amma bilmirəm Bakı mühitinə alışa biləcəyəm, ya yox, – tərəddüdlə cavab verdim. 

Tuqanov mənə baxıb gülümsündü.

– Mən bilən sən bir müddət İstanbulda yaşamısan. Eşitdiyimə görə azərbaycanlılar eynən osmanlı türkləri kimi mehriban, istiqanlıdırlar. Mən Bakıda olduğum bir neçə ay ərzində özümü əsla qərib hiss etmədim. Odur ki, arxayın ol, Bakıda səni mehriban bir mühit qarşılayacaq.

Tuqanovun sözləri məni ürəkləndirdi. 1925-ci ildən etibarən Azərbaycan Milli Dram teatrının səhnəsində müxtəlif rollar oynamağa başladım. Tezliklə teatrın aparıcı aktyoru Abbas Mirzə Şərifzadənin dublyoru oldum. Bu uğurlu fəaliyyətimə görə 1933-cü ildə əməkdar artist adına layiq görüldüm.

 

 

 

 “Ədəbiyyat və incəsənət” 

(13.12.2022) 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.