“Camaat az qala məni daşa basırdı...” Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. 

 

 

İSMAYIL OSMANLI

(1902-1978)

 

***

O vaxt “Yeddi oğul istərəm” filmi ekranlara çıxandan sonra küçədə-bayırda gəzə bilmirdim. Camaat az qala məni daşa basırdı. Bir axşam tamaşadan sonra teatrdan çıxıb evə gedirdim. Avtobusa təzə qalxmışdım ki, bir neçə orta yaşlı qadın məni dövrəyə aldı. İlk sözləri:

– Əlin qurusun! – oldu.

– Cəlalı Gəray bəyə necə satdın? – bir başqası həqarətlə söylədi.

Vəziyyətin nə yerdə olduğunu anladım. Artıq bir neçə dəfə oxşar hadisə ilə qarşılaşdığım üçün özümü təmkinli aparmağa, cavab verməməyə çalışdım.

– Niyə cavab vermirsən, ay kaftar? Necə qıydın gül kimi uşağa?

Vəziyyət get-gedə gərginləşir, başqa sərnişinlər də bu qadınlara havadar çıxırdılar. Hələ yoluma bir neçə dayanacaq qalsa da, avtobus dayanan kimi düşdüm. Ertəsi gün bu hadisəni teatrda sənət dostlarıma sarsılaraq danışdım. Düzü, adamların məni təhqir edəcəyindən, hətta daşa basacağından ehtiyat edirdim.

   Gəray bəy rolunu böyük ustalıqla oynayan Həsanağa Turabov qoluma girib məni sakitləşdirdi:

– İsmayıl əmi, – dedi, – hər aktyora nəsib olmur oyandığı rola görə sevgi qazana bilsin.

– Nə sevgi, ay oğul? Az qala arvadlar məni parçalayacaqdılar.

– Elə aktyorun yaratdığı obraza nifrət, aktyorun özünə sevgidir də. Gör bir necə ustalıqla oynamısan ki, adamlar səni parçalamaq istəyirlər.

Mən də Şəki ləhcəsi ilə zarafata salıb dedim:

– Ha indi saa nə var ki? Düşəydin o arvaddarın əlinə, onda bilərdin sevgi nədir, nifrət nə...

 

 

 “Ədəbiyyat və incəsənət” 

(12.12.2022) 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.