“Milli klassika” teatr festivalının açılışı olub

 

Dekabrın 11-də Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində “Milli klassika” teatr festivalının açılışı olub. 

 

Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə təşkil olunan festivalın açılışını Ağdam Dövlət Teatrı Nəcəf bəy Vəzirovun “Ağakərim xan Ərdəbilli” tamaşası ilə edib.

Festivalda 11 teatr və 1 təhsil ocağı 13 tamaşa nümayiş etdirəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulub. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.

Festival çərçivəsində Fikrət Əmirovun “Min bir gecə” operası, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, Sabit Rəhmanın “Hicran”, Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında “Xeyir və şər”, Azərbaycanın xalq nağılı “Məlikməmməd” və digər tamaşalar göstəriləcək. 

Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa Lənkəran Dövlət Dram Teatrın aktyorları tərəfindən festival çərçivəsində müsabiqədənkənar oynanılacaq.

Qeyd edək ki, dekabrın 16-dək davam edəcək festivalın tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.