Bursada “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub

 

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu çərçivədə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib. 

Tədbirdə, həmçinin “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub. 

Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunub. Ekran əsərində şairə ilə yanaşı, Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərimizdən sonra Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işləri, Prezident İlham Əliyevin fikirləri və Şuşa Bəyannaməsi haqqında məlumat verilir. 

Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, quruluşçu rejissoru Zəhra Quliyevaya, ssenari müəllifi isə Ülviyyə Heydərovadır.

Xurşidbanu Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən viran qoyulan evində aparılıb. 

Sonra Azərbaycan muğam qrupunun müşayiəti ilə Xalq artisti Mehriban Zəkinin ifasında Xurşidbanu Natəvanın şeirləri səsləndirilib. 

Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub. 

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüşləri keçirilib.

Tədbirlər davam edir.

 

“Ədəbiyyat və incəsənət”

(09.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.