Bursada keçirilən Şuşa Günləri çərçivəsində “Şuşada ürəyim qaldı” tamaşası nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında təqdim edilən tamaşa görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin “Qarabağnamə” və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, musiqi tərtibatçısı Xalq artisti Eldar Mansurov və quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.
Azərbaycanın başına uzun illər boyu müsibətlər gəlməsinə baxmayaraq, ölkəmizin bu müsibətlərin içindən mərd-mərdanə çıxaraq öz dövlətini qorumağa çalışması səhnə əsərinin əsas ideyasını təşkil edir.
General Sisianovun Azərbaycanda, ümumiyyətlə Qafqazda törətdiyi faciələrdən danışılan və İbrahim xanın qızı Ağabəyim ağanın müsibətlərindən bəhs edilən tamaşada Azərbaycan xanlıqlarının əslində müstəqilliyimizin əsasını qoymağa çalışmaları diqqətə çatdırılır.
Tamaşadan sonra “2022 Türk Dünyasının Mədəniyyət Paytaxtı Bursa” mövzusunda foto yarışmasının qaliblərinin mükafatlandırılması mərasimi və sərgi keçirilib.
“Ədəbiyyat və incəsənət”
(09.12.2022)