Dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar qonaq qismində oynanılacaq.
Qeyd edək ki, “Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)