Dekabrın 10-dan 16-dək Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Milli klassika” adlı teatr festivalı keçiriləcək. Bu festival Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə təşkil olunur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalda 11 teatr və 1 təhsil ocağı, ümumilikdə 13 tamaşa ilə iştirak edəcək. Lənkəran Dövlət Dram Teatrı festivala müsabiqədənkənar qoşulacaq. Tamaşalara münsiflər heyəti tərəfindən baxış keçirilib.
Festivalın keçirilməsində əsas məqsəd Azərbaycan teatrının bu gününə nəzər salmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaqdan ibarətdir.
Qeyd edək ki, festival tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində, Akademik Opera və Balet Teatrında, Şuşa Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında oynanılacaq.
“Ədəbiyyat və incəsənət”
(06.12.2022)