Rejissor qardaşına iki rol verdi Featured

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

MUSTAFA MƏRDANOV

(1894-1968)

 

 

***

Bir gün məşqdən sonra qalıb rol üzərində işləyirdim. Təzə tamaşada kiçik bir rol idi. Qapı açıldı və cavan artistlərdən biri məni görüb içəri girdi.

– Mustafa müəllim, burda tək-tənha nə edirsiz? – maraqla xəbər aldı.

– Görmürsən, məşq edirəm. Rolu öyrənirəm, – cavab verdim.

– Aaa, siz ki, təcrbəli artistsiz, bu vaxta qədər öyrənməmisiz? Mən iki günə öyrəndim o böyüklükdə rolu.

– Elə təcrübəli olduğum üçün, öyrənirəm də, – deyib, davam etdim.

 

***

 Qardaşım, məşhur kinorejissor, aramızdan vaxtsız gedən, Azərbaycanın ilk peşəkar kino rejissorlarından biri Səməd Mərdanovun çəkdiyi “Kəndlilər” filmi mənim yaradıcılığında yeni bir hadisə oldu, çünki həmin filmdə iki rolda oynayırdım. Onlar bir-birinə zidd olan kəndli Təhməz və menşevik rolları idi ki, kino ictimaiyyəti və tamaşaçılar bu obrazların ikisini də sevgi ilə qarşıladılar.

– Mustafa, Təhməz rolunu sən oynayacaqsan o, özü yerində, ancaq filmdə balaca bir rol da var, menşevik rolu, istəyirəm onu da sən oynayasan. 

– Səməd, əzizim, təbii ki, sənə kömək eləmək həm qardaşın, həm də bir aktyor kimi mənim borcumdur, amma camaat nə deyər? Deməzlərmi ki, qardaşına iki rol verib.

– Sən narahat olma, biz bu iki rolu elə fərqli səpkidə verərik ki, tamaşaçı da, elə sənin dediyin camaat da razı qalar.

Elə də oldu. Tamaşaçı ekranda bir-birindən kəskin şəkildə fərqlənən iki Mustafa Mərdanov gördü. 

 

***

Adil İsgəndərovun çəkdiyi “Əhməd haradadır?” filmində oynadığım Məhəmməd kişi rolu mənim üçün xüsusilə əzizdir. Bu film ömrünün ahıl çağlarına təsadüf edirdi. “Qanun naminə” filmindəki müstəntiq Murtuzov obrazı isə mənim kino yaradıcılığımda tamamilə fərqli bir xarakter idi. Yəqin peşəkarlıq və obraza düzgün yanaşmağımın nəticəsi idi ki, mənfi tip olmağına baxmayaraq, tamaşaçılar Murtuzovu da çox rəğbətlə qarşıladılar.

 

 “Ədəbiyyat və incəsənət”

(5.12.2022)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.