“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.
RZA TƏHMASİB
(1894-1980)
***
1969-cu ildə “Mehman” filmi ekranlara təzə çıxmışdı. Bir gün axşamüstü kinostudiyadan çıxıb piyada gəzirdim. Qəfildən bir dəstə qadın mənimlə üz-üzə gəldi. Deyəsən yas yerindən gəlirdilər, çünki hamısı qara geymişdi. Qadınlardan biri məni tanıyıb digərləri ilə pıçıldaşmağa başladı. Sonra məni dövrəyə aldılar. Məni tanıyan qadın düz gözlərimin içinə baxdı.
– Sizə dedim odur!
Çaşıb qalmışdım.
– İndi səni bizim əlimizdən kim alacaq?
Soruşdum:
– Üzr, istəyirəm, amma sizi başa düşmədim. Nə olub axı?
– Özünü tülkülüyə vurma, Qaloş. Başına panama qoyub, boynuna qalstuk taxmaqla deyil ey, sən necə qıydın Mehmana, onu de.
Hər şeyi başa düşüm. Gülümsündüm. Qadınlardan biri bir daha mənə diqqətlə baxıb dedi:
– Əşşi, bu o deyil. Oxşayır, ancaq o deyil. Qaloş belə gülə bilməz. Düz demirəm, ay qardaş, sən Qaloş deyilsən….
– Düz deyirsən, oxşatmısız, mən Qaloş deyiləm.
Məni oxşadan qadın bir də tərs-tərs baxıb uzaqlaşdı. Bir-iki addım atandan sonra anidən geri çevrildim, qadın hələ də geri boylana-boylana qalmışdı.
“Ədəbiyyat və incəsənət” (02.12.2022)