Noyabrın 29-dan başlamış və dekabrın 5-dək davam edəcək kino festivalından söz açırıq.
Rusiyanın paytaxtında Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rusiya KİV-nin məlumatına görə, festivalın proqramına Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Rusiya, Tacikistan, Özbəkistan və Ermənistandan olan filmlər daxil ediliblər.
Azərbaycan və Rusiya-Azərbaycan istehsalı olan 5 filmin - “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, “Qobelen”, “Alisanın bir günü” (qısametrajlı film) nümayişi daxildir.
Budəfəki festivala 11 ölkədən 120-yə yaxın iştirakçı və qonaq toplaşıb. Açılış mərasimi noyabrın 30-da saat 19.00-da “DomJur” kino mərkəzində təşkil olunacaq.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin IV beynəlxalq “Moskovskaya premyera” kinofestivalı 2003-cü ildən keçirilir. Festivalın birinci prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019-cu ildən bəri kinoforum beynəlxalq status alıb. “Moskovskaya premyera”nın vəzifəsi keçmiş SSRİ ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.
Daha ətraflı məlumat əldə etmək üçün Festivalın “mpfest.ru” rəsmi saytına müraciət edə bilərsiniz.
“Ədəbiyyat və incəsənət” (1.12.2022)