Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, kino mühitinə yeni adlar qazandırmaq məqsədilə “Start - 2023” film layihəsi müsabiqəsini elan edib. “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətə başlamasının 100-cü ilinə həsr olunan müsabiqə sərbəst mövzuda keçirilir.
Müsabiqədə janr məhdudiyyəti yoxdur. Müsabiqədə debüt filmlərini çəkəcək (müraciət edilən kateqoriyada 1-ci və ya 2-ci film) rejissorlar iştirak edə bilərlər.
Müsabiqə 2 kateqoriyada keçirilir:
Kateqoriya 1: Bədii film – tammetrajlı və ya qısametrajlı film
Kateqoriya 2: Qısametrajlı animasiya filmi (26 dəqiqəyə qədər)
Müsabiqə aşağıdakı mərhələləri əhatə edir:
1-ci mərhələ - Layihələrin qəbulu (31 yanvar 2023-ə qədər)
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi (1 fevral – 31 mart 2023)
3-cü mərhələ - Nəticələrin elan olunması (3-7 aprel 2023)
1-ci mərhələ - Layihələrin qəbulu
Müsabiqənin 1-ci mərhələsi kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurasının katibliyi tərəfindən həyata keçirilir.
Müsabiqəyə təqdim edilən sənədlərdə qüsurlar olmadığı halda film layihələri 2-ci mərhələdə iştirak hüququ əldə edir.
Layihələrin qəbulu – 31 yanvar 2023-cü il tarixlərində nəzərdə tutulur.
2-ci mərhələ - Layihələrin dəyərləndirilməsi
Müsabiqənin 2-ci mərhələsində film layihələri kinostudiyanın nəzdində yaradılmış Ekspert Şurası tərəfindən qiymətləndirilir.
Layihələrin 1 fevral – 31 mart 2023-cü il tarixlərində dəyərləndirilməsi nəzərdə tutulur.
3-cü mərhələ - Nəticələrin elan olunması
Nəticələr 3-7 aprel 2023-cü il tarixlərində kinostudiyanın internet informasiya ehtiyatında (www.azerbaijanfilm.az), sosial şəbəkə profillərində və onlayn media vasitəsilə elan olunur.
Bəs müsabiqənin şərtləri hansılardır?
Müsabiqənin 1-ci kateqoriyasında (tammetrajlı və qısametrajlı bədii film) filmoqrafiyasında audiovizual sahədə müəyyən işi olmuş (videoçarx, sənədli film, bədii film, animasiya filmi və s.) və bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müsabiqənin 2-ci kateqoriyasında (qısametrajlı animasiya filmi) bu istiqamətdə 1-ci və ya 2-ci filmini çəkmək üçün müraciət edən rejissorlar iştirak edə bilər. Müraciətlər xarici film istehsalı şirkətləri və fondları, həmçinin yerli maliyyə mənbələri ilə müştərək şəkildə təqdim edilə bilər. Bu halda müştərəklik müqaviləsi və layihənin maliyyələşməsi sənədləri təqdim edilməlidir. Müsabiqədə qalib gəlmiş layihələrin ssenarisi üzərində təkmilləşdirmə işi yalnız Ekspert Şurasının rəyi və kinostudiya direktorunun əmri ilə aparıla bilər. Bu halda müraciət edən rejissor/prodüserin və ya kinostudiya rəhbərliyinin təklif etdiyi yeni müəllif layihəyə qoşula bilər. Hər müəllif hər kateqoriyada yalnız bir layihə ilə müsabiqədə iştirak edə bilər.
O ki qaldı mükafatlara, qalib müəlliflər diplomla mükafatlandırılır. Hər kateqoriyada birinci yerin qalibi olmuş layihələrin onu təqdim edən rejissor tərəfindən “Azərbaycanfilm” kinostudyasında istehsal olunması nəzərdə tutulur. Müsabiqədə qalib gələn müəlliflərlə müqavilə bağlanılır və müqavilədə hüquq və öhdəliklər əks olunur. Ekspert Şurasının apardığı müzakirələr məxfi saxlanılır. Müsabiqəyə təqdim olunan layihələrin müəlliflik hüquqları ilə bağlı sonradan yarana biləcək hər hansı mübahisəli məsələyə görə rəhbərlik və Ekspert Şurası məsuliyyət daşımır.
Müsabiqəyə təqdim olunan sənədlər 31 yanvar 2023-cü il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçt ünvanına elektron qaydada göndərilməlidir. Müsabiqəyə son müraciət tarixi Bakı vaxtı ilə 2023-cü il 31 yanvar 00:00-da bitir. Bu tarixdən gec göndərilmiş müraciətlər etibarsız hesab edilir. Elektron poçt vasitəsilə müraciətlər yalnız “Müsabiqə” başlığı altında göndərilməlidir. Müsabiqənin sənəd qəbulu qaydasının hər hansı bir bəndinə uyğun olmayan müraciət barədə müraciət edən tərəf e-mail vasitəsi ilə məlumatlandırılır. Bundan sonra sənədlər müraciət edən tərəfindən qaydalara uğun şəkildə yenidən göndərilmədikdə həmin müraciət edən müsabiqədə iştirak hüququnu itirmiş hesab olunur və bu hallarla bağlı heç bir apellyasiya müraciətinə baxılmır. Müsabiqə ilə bağlı təşkilati işlər kinostudiyanın ictimaiyyətlə əlaqələr və marketinq şöbəsi tərəfindən həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” (29.11.2022)