“Atabəylər” serialının çəkiləcəyi xəbəri ciddi ajiotaj doğurub

 

İlk serialımız “Atabəylər: Şəmsəddin Eldəniz”in çəkilməsi xəbəri on minlərlə insanda sevinc hissləri yaradıb, sosial şəbəkələrdə müzakirə yaradıb. Ekran işinin yayılan tizeri bəzi  istifadəçi tərəfindən tənqidlərə də məruz qalıb.

 

Çoxu serialı Türkiyədə yayımlanan “Diriliş: Ertuğrul”, “Uyanış: Büyük Selçuklu”, “Alparslan: Büyük Selçuklu” kimi tarixi layihələrə bənzədib. Geyimlər və döyüş səhnələrinin oxşarlığına görə “Atabəylər: Şəmsəddin Eldəniz”in sadalanan serialların təkrarı, plagiatı olduğu iddia edilib. 

Bundan əlavə, fraqmentdə “Bütöv Azərbaycan” ifadəsinin səslənməsi də müzakirə yaradıb. İddia olunur ki, tarixi həqiqətlər, o dövrdəki geyimlər və digər mövzular düzgün əks olunmayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı məsələ ilə bağlı tarixçi Faiq Ələkbərlinin fikirlərinə diqqət çəkir. Tarixçi tənqid edənlərin  əksinə olaraq bildirib ki, “Bütöv Azərbaycan” ifadəsinin o dövrdə səslənməsi normaldır:

“Mən izləməmişəm, amma o dövrdə Bütöv Azərbaycan ifadəsinin işlənməsi və bu kimi məsələlər normaldır. Heç kəs nəsə deyə bilməz ki. Zatən o dövrdə Azərbaycana bir bütöv kimi baxılırdı. İfadə kimi səsləndirilməsi də mümkün ola bilərdi. Hesab edirəm ki, bu müsbət haldır. Bütünlükdə işdə bir qüsur ola bilər. Amma belə bir serial yayımlanırsa, həm tariximizi yeni nəsilə doğru-düzgün çatdırmağımız, həm də gələcəyimiz üçün önəmlidir. Çünki bilməlidirlər ki, Azərbaycan xalqı tək 10 milyon deyil, 50-60 milyondur. Onun ərazisi Yeni Azərbaycan Respublikasından ibarət deyildi. Ən azından Dərbənddən, Kəngər körfəzinə, Bakıdan Kərkükə qədər böyük bir coğrafiyanı təşkil edib.

Ola bilər ki, “Diriliş: Ertuğrul”a hansısa səhnələri oxşayır. Burada bir qəbahət yoxdur. Bəzən türk serialllarının özündə də bir-birinə bənzərlik olur. Əsas ideyanı, Azərbaycanın bütövlüyünü, xalqının bir olmasını izləyiciyə çatdırmaqdır. Əgər orada Təbrizin, Həmədanın, Zəncanın, Urmunun, Xoyun da Azərbaycan olması vurğulanacaqsa, bu, böyük işdir. Xalqımızın mədəniyyəti, tarixi, fəlsəfəsi birdir. İnşallah gələcəkdə birlik məsələsi daha da güclənəcək”.

 

“Ədəbiyyat və incəsənət” (29.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.