Az öncə “Sarəng” sənədli filmi təqdim olnub

Az öncə Nizami Kino Mərkəzində "Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimatı keçirilib.

Tanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edən sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, məsləhətçisi Nurəddin Ədiloğludur. 

Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.

Film Masallı Rayon İcra Hakimiyyəti, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Ekran əsrində Xalq artisti Flora Kazımova, Xalq şairi Sabir Rüstəmxanlı, şair-həkim Paşa Qəlbinurun Sarənglə bağlı fikirləri yer alıb. 

Qeyd edilib ki, şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olub. O, doğulduğu il atası vəfat edib. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb, boya-başa çatdırıb. 

XX əsrin 60-cı illərində İstisuyun, həqiqətən də, müalicəvi olmasını Mir Kazım Aslanlı sübut edib. O, həmçinin Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadların və bir çox xəstəliklərin müalicə olunmasını sübut edib.

K.Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edib, doğulduğu İsi kəndində dəfn olunub.

Qeyd edilib ki, o, çoxlu sayda peşəkar həkimlər yetişdirib. İbrahim bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər çətin vaxtlarda ona dəstək olublar. Üzeyir Hacıbəyli ona fortepiano hədiyyə edib. O, “Sarəng” təxəllüsü ilə şerlər yazıb. Mir Kazım Aslanlı həm də gözəl tərcüməçi olub. Bir çox dillər bilən bu şəxs, dünyaşöhrətli yazarların əsərlərini dilimizə çevirib. 

Tədbirdə çıxış edənlər "Sarəng" sənədli filminin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürlərini bildiriblər.

Heç kim unudulmur, heç nə yaddan çıxmır. Həqiqətən də belədir. 

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.