“Atabəylər” serialında ciddi tarixi səhvlər varmı? - Yazıçı Varisdən açıqlama

 

Cümə günü tizeri təqdim olunan ilk tarixi serialımız “Atabəylər: Şəmsəddin Eldəniz” sosial şəbəkələrdə müzakirə yaradıb. Ekran işinin fraqmenti bəzi  istifadəçi tərəfindən tənqidlərə məruz qalıb.

 

Çoxu serialı Türkiyədə yayımlanan “Diriliş: Ertuğrul”, “Uyanış: Büyük Selçuklu”, “Alparslan: Büyük Selçuklu” kimi tarixi layihələrə bənzədib. Geyimlər və döyüş səhnələrinin oxşarlığına görə “Atabəylər: Şəmsəddin Eldəniz”in sadalanan serialların təkrarı, plagiatı olduğu iddia edilib. 

Bundan əlavə, fraqmentdə “Bütöv Azərbaycan” ifadəsinin səslənməsi də müzakirə yaradıb. İddia olunur ki, tarixi həqiqətlər, o dövrdəki geyimlər və digər mövzular düzgün əks olunmayıb.

“Ədəbiyyat və incəsənət” portalı məsələ ilə bağlı ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyevdən rəy alıb. 

“Bəzi azərbaycanlılarda bir inkarçılıq var. Yaxşı təşəbbüslərə heç vaxt xoş söz demirlər, həmişə pisləyirlər. Gülünc iddiadır ki, deyirlər, “Diriliş: Ertuğrul”, “Alparslan” və sairə kimi seriallara bənzəyir. Bu, savadsızlıqdır. Serial 12-ci əsrdən bəhs edir. Həmin vaxtlarda Azərbaycan elə deyilən layihələrdəki Səlcuq İmperiyasının tərkibində idi. Yəni Səlcuq dövləti olub, o dövrdə geyimlər də, döyüş taktikası da eyni idi.

Ona görə səlcuqlara oxşamalıdılar da, kimə oxşayacaqlar? O ki qaldı Bütöv Azərbaycan ifadəsinə... Bədii filmlər, həm real tarixi hadisələrə, həm də yaradıcı heyətin təxəyyülünə əsaslanır. Bütün filmlərdə, bədii və musiqi əsərlərində, teatrda müəllifin hüququ olur ki, hansısa tarixi hadisəni  müəyyən bir dövr ərzində kontekstdən çıxarıb, müasir mesajlar versinlər. Çünki incəsənət tək nəyisə göstərmək üçün xidmət etmir, həm də tərbiyələndirir, didaktik, əxlaqi-mənəvi dəyərlər aşılayır.

Bütün bunlara görə biz Bütöv Azərbaycan ifadəsini serialda vermək istədik. İnanın, tarixi faktların özündə də var ki, o dövrdə “Bütöv Azərbaycan” ideyası olub. Bütöv Azərbaycan deyiləndə təkcə Cənubi və Şimalı Azərbaycan nəzərdə tutulmur. O dövrdə Azərbaycanın bir hissəsi - Şirvanşahlar dövləti ayrı, Dərbənd ayrı idi, digər ərazilər isə Arran və Azərbaycan atabəyliyi adı altında Səlcuqlu imperiyasının tərkibində idi. Eldəniz məhz bu konteksdə Bütöv Azərbaycan qurmaq istəyirdi. Ermənilər özlərinə saxta tarix yaradır, biz əlimizdə olanları da itiririk. Mən 1 milyon işarəlik tarixi faktları öyrənmişəm. Ərəb, türk, ingilis və öz mənbələrimizdən araşdırmışam. Məsələn, həmin dövrü Ziya Bünyadov Sovet ideologiyasına, Əkbər Nəcəf isə müasir  milli ideologiyamıza uyğun araşdırıb. Başda Kərim Şükürov olmaqla bütün Tarix İnstitu bizim ssenari qrupumuzun içindədir, dəstək verirlər. Biz hər şeyi araşdırırıq. Kimlərsə, durub boş-boş deyir ki, tarixdən xəbərləri yoxdur. Bu, gülüncdür. Bir onu deyim ki, Şəmsəddin Eldəniz öz dövlətini qurana qədər Azərbaycan Səlcuq dövlətinin tərkibində olub. Bu tənqidlərin əsası yoxdur.”

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.