Qadın rejissorlar milli qəhrəmanlar barədə filmlərini təqdim etdilər
Xəbər verdiyimiz kimi ölkənin üç qasın rejissoru üç milli qəhrəmanı barədə fiım çəkib və bu filmlərin təqdimatı nəhayət ki, dünən baş tutdu. Nizami Kino Mərkəzində Birinci Qarabağ müharibəsinin Milli qəhrəmanlarına həsr olunmuş 3 sənədli filmin premyerası keçirildi.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” layihəsi çərçivəsində hazırlanan bu üç filmin premyerası anşlaqla keçdi.
Filmlərin siyahısına Milli Qəhrəman Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” (rejissor və ssenari müəllifi Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” (rejissor və ssenari müəllifi Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva, ssenari müəllifi Vüqar Əsgərov) sənədli filmləri daxildir. Nümayiş olunan filmlərdə Milli qəhrəmanlar qadın rejissorların gözü ilə təqdim olunub.
İndisə gəlin filmlərlə yaxından tanış olaq.
1.
Rejissor Zülfiyyə Abdullayeva çəkdiyi film Birinci Qarabağ müharibəsi zamanı 1992-ci ildə Şuşa üzərində Mİ-8 helikopterində şəhid olmuş Milli Qəhrəman Səfa Axundovun xatirəsinə həsr olunub. Cəlilabad və Bakı şəhərlərində çəkilişləri olan filmdə şəhidin məktəb yoldaşları, ailə üzvləri onunla bağlı xatirələrini, maraqlı faktları bölüşüblər.
2.
Rejissor Kəmalə Mirzəyevanln təqdim etdiyi filmdə Milli Qəhrəman Niyazi Aslanova bir qadın gözü ilə yanaşılıb. Rejissor deyir: “İndiyədək biz müharibə sözünü eşidəndə içimizdə elə bir kədər, qüssə baş qaldırırdı ki, sanki uçuruma yumalanırdıq. Təqdim etdiyimiz filmdə elə bir sevinc, fəxarət və qürur hissi duyulur ki, illər öncə işlərimizdə bunu göstərə bilmirdik. Film Milli Qəhrəman Niyazi Aslanova həsr olunub və onun döyüş yolunu, həyatını çox geniş şəkildə tamaşaçılara təqdim edir”.
Kəmalə Mirzəyeva filmin bugünkü gənclik üçün bir nümunə olacağını deyib: “İnsan qəhrəman doğulmasa da, qəhrəman kimi ölməyi bacarmalıdır. Çoxlarına bu əbədi yolçuluq qismət olmur, amma hər kəs şücaət göstərməyə can atmalıdır. Bircə ona sevinirik ki, az da olsa onların xatirəsini əbədiləşdirərək gələcək nəsillərə çatdıra bilirik”.
3.
Rejissor Elnaz Əblucun çəkdiyi filmin çəkilişləri İkinci Qarabağ müharibəsindən əvvəl başlamış və müharibədən sonra davam etmişdi. “Oğlumun gündəliyi” adlanan filmdə Cəlil Səfərovun oğlu bir aparıcı kimi atasının başına gələnləri danışır.
“Cəlil Səfərov döyüşlərin ilk günü həlak olsa da, Milli Qəhrəman kimi yadda qalıb. Biz filmi çəkməyə başlayanda müharibənin olacağını düşünməmişdik. Ən vacib məqam da odur ki, film müharibədən əvvəl və sonrakı dövrü yaşadığı üçün daha geniş bir zaman kəsiyini əhatə edir”, - deyə Elnaz Əbluc vurğulayır.
“Ədəbiyyat və incəsənət” (26.11.2022)