Mədəniyyət Nazirliyi və "Teatro.az" sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, “Şuşa İli”nə ithaf olunmuş II “4.4 Qısa Tamaşalar Festivalı” davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün - noyabrın 25-də işə başlamış və ayın 30-dək davam edəcək festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.
Festivalın müsabiqə proqramına daxil edilən 12 tamaşa Təşkilat Komitəsinə göndərilən 20-dən artıq tamaşa arasından seçilib. Bu tamaşaların 5-i Bakıda, 5-i rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür.
Bundan əlavə, festivalın proqramında ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Builki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində tamaşaçılar K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Festival çərçivəsində Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “A.P.Çexovun “Ayı” və “Təklif” qısa pyesləri əsasında əməli təhlil üsulunun tətbiqi” mövzusunda ustad dərsi keçib.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)