Feminizm çiçəklənməkdədir deyəcəklər çoxları. Bu gün Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq. Filmlərin siyahısına Milli Qəhrəman Cəlil Səfərova həsr olunan “Oğlumun gündəliyi” sənədli filmi (rejissor Elnaz Əbluc), Milli Qəhrəman Səfa Axundova həsr olunan “Göylərə bağlı Səfa” filmi (rejissor Zülfiyyə Abdullayeva) və Milli Qəhrəman Niyazi Aslanova həsr olunan “Mən sizinləyəm” (rejissor Kəmalə Mirzəyeva) sənədli filmi daxildir.
Qeyd olunan filmlər Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb. Artıq uzun müddətdir studiyada Azərbaycanın Milli qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.
“Ədəbiyyat və incəsənət” (25.11.2022)