Əfsanə insan Berlin Film Festivalında fəxri “Qızıl ayı” mükafatı alacaq Featured

Üzümüzə gələn ilin ilk kino hadisəsi siyahısında qərarlaşmış 73-cü Berlin Beynəlxalq Film Festival fevral ayında keçiriləcək. Festivalın rəsmi sosial media hesablarına istinadən “Ədəbiyyat və incəsənət” portalı bu maraq kəsb edən xəbəri yayır. 

 

“Şindler siyahısı”, “Yura dövrünün parkı”, “İndiana Cons”, “Sıravi Rayanı xilas etməli”, “Transformerlər”, “Vestsayd əhvalatı” kimi filmlərlə adını kino tarixinə yazdırmış görkəmli Amerikalı rejissor Stiven Spilberq Berlin festivalının fəxri iştirakçısı olacaq. Onu təşkilatçılar fəxri “Qızıl ayı” mükafatı ilə mükafatlandıracaqlar. 

76 yaşlı rejissor yaratdığı “Çənələr”, “Yadplanetlilər” və “Yura dövrünün parkı” kimi filmlərlə dünya kinosuna verdiyi töhfələrə görə təltif olunacaq. 

Festival zamanı rejissorun yeni filmi olan "Fabelmanlar" adlı yarımavtobioqrafik dramı da nümayiş etdiriləcək.

Ekran əsəri kinematoqrafçının formalaşmasına və onun kinoya olan sevgisinə həsr olunub. Filmdə əsas rollarda Qabrielle LaBelle, Mişel Uilyams və Pol Dano çəkilib. 

“Fabelmanlar” artıq Toronto Film Festivalında tamaşaçıların rəğbətini qazanıb. Rejissor bu ekran əsərini karyerasının “ən şəxsi filmi” adlandırıb.

Ümid edirik ki, tezliklə azərbaycanlı kinosevərlər də bu filmə baxa biləcəklər. 

Qeyd edək ki, dünyaşöhrətli rejissor həmçinin 100-dən çox film və serialın ssenari müəllifi, eləcə də prodüseri olub. O, 19 dəfə “Oskar” mükafatına namizəd olub və 3 dəfə həmin mükafata layiq görülüb. Onun bir neçə “Qremmi”, “BAFTA”, “Qızıl qlobus” kimi də nüfuzlu kino mükafatları vardır. 

Gözləntidə olan “Qızıl ayı” da onlarla yanaşı qoyulacaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.