Azərbaycan Respublikası Prezidenti İlham Əliyev noyabrın 16-da Azərbaycan Respublikası Kino Agentliyinin nizamnaməsinin təsdiq olunması haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Agentlik Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Kino Agentliyi Azərbaycan Respublikasında kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası sahələrində fəaliyyət göstərən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kinematoqrafiya müəssisələrini idarə edən və onların fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və Baş direktordur. Şura sədr və onun iki müavini daxil olmaqla, 3 (üç) üzvdən ibarətdir. Şuranın üzvlərini mədəniyyət naziri vəzifəyə təyin və vəzifədən azad edir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir.
Azərbaycan Respublikası Kino Agentliyinin nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır