Latviya Milli Opera Teatrının səhnəsində dahi Cüzeppe Verdinin “Traviata” operası təqdim olunub. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tamaşanı teatrın tarixində ilk dəfə olaraq azərbaycanlı dirijor idarə edib.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə keçən tamaşaya biletlər neçə gün öncədən satılıb.
Vaxtilə dahi alman bəstəkarı Rixard Vaqnerin dirijorluq etdiyi həmin teatrda həyata keçən tamaşa ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Operada əsas rolları Latviya Milli Opera Teatrının tanınmış solistləri - İnqa Slubovska (Violetta), Mixalis Çulpayevs (Alfredo), Yanis Apeynis (Jorj Jermon), İlona Bagele (Flora Bervua), həmçinin, Quntars Rungis (Qaston), Viesturs Vitols (Baron), Yuris Adamsons (Markiz), Eviya Martinson (Annina) və Krisyanis Norvelis (Doktor Qrenvil) ifa ediblər.
Əsərdə azərbaycanlı dirijorla bərabər Latviya teatrının simfonik orkestri və xoru da yer alıb. Riqada gerçəkləşən tamaşanın quruluşçu rejissoru Andjey Jaqars, quruluşçu rəssam Andris Frayberq, geyim üzrə rəssam Kristina Pasternak, işıq üzrə rəssamı isə Qleb Filştinskidir.
Ayaq üstə alqışlarla qarşılanan tamaşadan sonra Latviya Milli Opera Teatrının direktoru, məşhur opera müğənnisi Elgis Silinş və Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov ifaçıları təbrik edərək onlara xoş arzularını bildiriblər. Azərbaycanlı dirijor Əyyub Quliyevin tamaşasını izləmək üçün xüsusi olaraq Leypsiqdə çıxışlarını yarımçıq qoyaraq Riqaya gələn Egils Silinş Bakı ilə bağlı xoş xatirələrini bölüşüb.
Qeyd edək ki, bu ilin sentyabr ayında Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəvətilə Egils Silinş Üzeyir Hacıbəyli Festivalında rəsmi qonaq qismində iştirak edib. Səfər çərçivəsində Latviya Milli Opera Teatrı ilə Azərbaycan arasında mədəni əlaqələrin genişlənməsi perspektivləri ətraflı müzakirə olunub.