“Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı qısa film 13-cü Amorqos Beynəlxalq Turizm Filmləri Festivalında “Turizm destinasiyası olan ölkələr” nominasiyası üzrə birinci yerə layiq görülüb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, eyni nominasiya üzrə ikinci pillədə Avstraliya, üçüncü pillədə isə Avstriya qərarlaşıb.
“Turizm destinasiyası olan ölkələr”, “Turizm destinasiyası olan şəhərlər”, “Turizm məhsulları”, “Turizm xidmətləri”, “Səyahət üzrə marketinq videosu” və “Müstəqil səyahət videosu” nominasiyalarını əhatə edən müsabiqədə 50 ölkədən 145 turizm videoçarxı iştirak edib.
Beynəlxalq münsiflər heyətinin qiymətləndirməsindən sonra 25 qısa film nominasiyalara namizəd seçilib.
Qeyd edək ki, “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” filmi “DARS FILMS” tərəfindən “BBC World News” üçün hazırlanıb.
Amorqos Beynəlxalq Turizm Filmləri Festivalı 2017-ci ildən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) rəsmi üzvüdür.