Opera və Balet Teatrında “Babək“ baletinin premyerası olub

 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 114-cü teatr mövsümünün ilk premyera tamaşası Aqşin Əlizadənin “Babək“ baletinin premyerası olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Xalq artisti, bəstəkar Aqşin Əlizadənin ötən əsrin 80-ci illərində yazdığı və 1983-cü ildə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluşunda tamaşaya qoyulan “Babək“ baletinin günümüzlə səsləşən mövzusu onun yenidən səhnəyə qayıdışına səbəb olub.

Bildirilib ki, IX əsrdə xalq qəhrəmanı Babəkin ərəb istilaçılarına qarşı 20 ildən artıq bir müddətdə davam edən mübarizəsi Azərbaycan xalqının mübarizələrlə zəngin olan tarixində önəmli yer tutur və bu gün xalqımızın erməni işğalçılarına qarşı 30 ildən bəri davam edən Vətən müharibəsinin qələbəmizlə başa çatdığı və Zəfər günümüzü qeyd etməyə hazırlaşdığımız günlərdə “Babək“ baletinin səhnəyə qoyulması və nümayişi çox aktualdır.

Tamaşaya gənc xoreoqraf, Xalq artisti Kamilla Hüseynova quruluş verib. İlk quruluşun librettosu əsasında səhnəyə qoyulan baletin librettosuna cüzi əlavələr edilib.

Tamaşanın dirijoru və musiqi rəhbəri dirijorların A.Dorati adına müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu rəssamı isə Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

İki pərdəli tamaşanın dekorasiyaları Tehran Babayev tərəfindən hazırlanıb.

Tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Babək), Makar Ferştandt (Əmir), Cəmilə Kərimova (Alnisa), balet artistlərinin Almaniyada keçirilən beynəlxalq müsabiqəsinin laureatı Ayan Eyvazova (Pərişad), gənc solist Seymur Qədiyev (Cavidan) ifa ediblər.

Qeyd edək ki, böyük uğurla baş tutan “Babək" baleti Opera və Balet Teatrının xalqımızın şanlı Zəfər Gününə hədiyyəsidir

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.