Londonda “Leylanın skripkası” qısametrajlı filminin təqdimat mərasimi keçirilib

 

Londonda “Leylanın skripkası” qısametrajlı filminin təqdimat mərasimi keçirilib. 

AzərTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sponsorluğu və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin Amerika Yəhudi İcmasının dəstəyi ilə keçirilən tədbir İngiltərə paytaxtının tarixi məkanlarından biri olan “Regent Street Cinema”da keçirilib. 

Təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri və müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak ediblər. Təqdimat mərasimində Azərbaycana aid kitablar da sərgilənib.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova gələn qonaqları salamlayaraq film haqqında fikirlərini bildirib. O, söyləyib ki, “Film Azərbaycanın multikultural ənənələrini əks etdirir. Azərbaycan xalqı tarix boyu müxtəlif etnik qruplar və xalqlar üçün birgə yaşamaq şəraitini təmin edib. O cümlədən Azərbaycan dövləti də bu mədəniyyəti ən səmərəli şəkildə dəstəkləyir”.

Səlhət Abbasova çıxışı zamanı bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlara başladılar. Həmin rayonların ərazisində ordumuzun mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid olub.

Daha sonra Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov çıxış edib. Azərbaycan və yəhudi icması arasında yaxın münasibətlər olduğunu qeyd edən səfir, filmdəki baş qəhrəmanın da Kaliforniya Ştatından gəldiyini, özünün də həmin illərdə orada çalışdığını və Azərbaycanın dostları ilə mehriban münasibətləri olduğunu söyləyib. O, ABŞ-da yaşadığı 10 il ərzində də yəhudi icması ilə sıx əlaqədə olduqlarını bildirib.

Süleymanov son günlər Azərbaycan və Ermənistan sərhədində erməni təxribati nəticəsində şəhid olan azərbaycanlı zabit və əsgərlərin və Böyük Britaniya Kraliçası II Elizabetin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsini xahiş edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə gedərək, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verməsinin ikitərəfli münasibətlərin nə qədər əhəmiyyətli və inkişaf etdiyinin göstəricisi olduğunu qeyd edib. 

Tədbirdə filmin rejissoru Ella Leya da çıxış edərək doğulub boya-başa çatdığı Azərbaycan haqqında film çəkdiyi üçün xoşbəxt olduğunu dilə gətirib. 

Təqdimat mərasimində tanınmış azərbaycanlı skripkaçı, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup”un İdarə Heyətinin üzvü Sabina Rakçeyeva çıxış edib ifa edib.

Film Azərbaycan və Amerika bəstəkarı, musiqiçisi və yazıçısı Ella Leyanın rejissorluğu ilə çəkilib. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, geyim rəssamı Mehriban Əfəndidir. "Leylanın skripkası” Kaliforniyada yaşayan Leyla adlı qızın anasını axtarmaq üçün onun doğulduğu yerə - Azərbaycana, Qubada dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən bəhs edir.

Filmdə baş rolları Sabina Rakçeyeva və gənc Hollivud aktrisası Sofiya Rossinski canlandırıblar.

Film izləyicilər tərəfindən maraqla qarşılanıb. 

Xatırladaq ki, “Leylanın skripkası” qısametrajlı filmi Monako Film Festivalında “Mələk” (“Angel”) mükafatının qalibi olub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.