Xəbər verdiyimiz kimi, İtaliyanın Venesiya şəhərində keçirilən dünyanın ən nüfuzlu kino festivallarından biri - 79-cu dəfə təqdim edilən Venesiya Kinofestivalı başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı əməkdaşları festivalın işini kifayət qədər diqqətlə izləyib bu qənaətə gəliblər ki, Venesiyada düzənlənən bu kino forumunda yeni dövrün kino trendləri üzə çıxıb ki, bu trendlər də daha çox ictimai motivlərə, habelə lirik, duyğusal tonlara köklənib. Yəni, qalib gələn və diqqət çəkən bütün işlərin mahiyyətində heç də ekşn, kriminal, qan, zorakılıq dayanmır, öz taleyi, öz yaşantıları, sosial siması ilə insan dayanır. Bu xüsusda xüsusən hazırda 6 illik həbs cəzası yaşayan tanınmış iranlı kinorejissor Cəfər Pənahinin “Ayılarsız” filmini qeyd edə bilərik. İrandakı qəddar senzuranı pisləyən bu film Cəfər Pənahinin antihakimiyyət baxışlarının bir təzahürüdür.
Təsadüfi deyil ki, Venesiyada ayrıca Pənahinin dəstək mitinqi keçirilib, İran hakimiyyətindən dünyaşöhrətli, dahi rejissoru dərhal azadlığa buraxmaq tələb olunub. (Qapaq şəklində).
Festivalın baş mükafatını - “Qızıl şir”i qazanmış amerikalı rejissor və sənədli filmlərin prodüseri Lora Poytrasın “Bütün gözəlliklər və qanlar” filminin qəhrəmanı da, bir növ, hakimiyyətin ziddinə gedən şəxsdir. Fotoqraf və sosial aktivist Nen Qoldin əyintilərlə, sapıntılarla vuruşur, amma onun qalibiyyəti, yaxud məğlubiyyəti heç nəyi həll edə bilməz, çünki şərin məhvəri o qədər möhkəmdir ki, bu xırda laxlamalar onu sarsıda bilmir. Amma ümid var, ümid bugünə deyil, sabahadır.
Qeyd edək ki, festival çərçivəsində avqustun 31-dən sentyabrın 10-dək Palazzo del Casino və Lido di Venezia salonlarında dünya kinosunun ən yeni əsərləri ictimaiyyətə təqdim olunub. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 23 ekran əsəri nümayiş etdirilib.
Lido adasında keçirilən mükafatlandırma mərasimində Amerikalı aktrisa və yazıçı Culian Murun sədrlik etdiyi münsiflər heyətinin qərarına əsasən, amerikalı rejissor və sənədli filmlərin prodüseri Lora Poytrasın “Bütün gözəlliklər və qanlar” filmi “Ən yaxşı film” nominasiyasında 79-cu Venesiya Film Festivalının “Qızıl şir” mükafatını qazanıb. İtaliyalı rejissor, prodüser və ssenari müəllifi Luka Quadaqnino “Sümüklər və hamısı” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında gümüş mükafata yiyələnib.
Məşhur iranlı rejissor Cəfər Pənahi bu dəfə də əliboş qalmayıb. Dahi rejissorun “Ayılarsız” filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
“Müqəddəs Ömər” filminin rejissoru Alis Diop “Gələcəyin aslanı” mükafatına yiyələnib, italiyalı aktrisa Vera Cemma “Ən yaxşı aktrisa” nominasiyasında qalib olub. İrlandiyalı aktyor Colin Farrell kişilər, avstraliyalı aktrisa və prodüser Keyt Blanşett isə qadınlar arasında “Volpi” kubokunu qazanıb.
Kanadalı gənc aktrisa Teylor Rassl “Sümüklər və hamısı” filmindəki roluna görə inkişaf etməkdə olan gənc aktyor və aktrisalara verilən “Marçello Mastroyanni” mükafatına layiq görülüb.
Qeyd edək ki, Ukrayna təcavüzünə görə Rusiyanın cəzalandırılması səbəbindən rus kinematoqrafiyası festivala buraxılmamışdı.
Xatırladaq ki, festival çərçivəsində 44 günlük Vətən müharibəsi fonunda cərəyan edən hadisələrdən bəhs edən “Banu” filmi də təqdim olunub. Prodüserliyini “Noori Pictures” şirkətinin etdiyi filmin rejissoru və baş rolun ifaçısı Təhminə Rafaelladır. Azərbaycan, İtaliya, Fransa və İranın birgə istehsalı olan ekran işində Əməkdar artist Mələk Abbaszadə, habelə aktyorlar Zaur Şəfiyev, Cəfər Həsən, Kəbirə Həşimli, Emin Əskərov və Dəniz Tacəddin rol alıblar.
Film uğur qazanmasa da, iştirak özü diqqətçəkən idi.