Çili festivalında qalib olmuş filmlər sırasında bizimki də var

 

Çili Respublikasında keçirilən “Cənub Kino və İncəsənət Akademiyası” festivalında “Ən yaxşı dram” sertifikatına layiq görülmüş filmlərdən biri də Azərbaycan istehsalıdır. Söhbət “Xatirə və Xəta” filmindən gedir. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Çilidə daha bir mükafat da qazanılıb. Triller janrında çəkilmiş “Xatirə və Xəta” ekran əsərində baş rolunu ifa edən Xalq artisti Sabir Məmmədov “Aparıcı aktyor” sertifikatına layiq görülüb. Festivalın üçüncü xüsusi mükafatı hesab edilən “Ən yaxşı musiqi əsəri” mükafatı isə bədii filmdə səsləndirilmiş Emin Sabitoğlunun bəstələdiyi musiqi əsərinə verilib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov bildirir ki, bu ekran əsəri digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edib və “Ən yaxşı dram” sertifikatına layiq görülüb. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.

Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru isə gözəl şairimiz və publisistimiz Əkbər Qoşalıdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.