Xəbər gəldi ki, Bakı kinoteatrlarında İmam Şamilin həyatından bəhs edən “Amanat” filmi nümayiş olunacaq. Çar istibdadına qarşı qəhrəmanlıqla vuruşan, Ruisya imperiyasının boyunduruğu altında əzilən xalqların milli azadlıq hərəkatında başda duran bu qəhrəman dağlıya böyük simpatiyası olan azərbaycanlılar biletin baha olmasını nəzərə almadan (14 manat) kinoteatrlara axışdılar. Və… Titrlərdə “Rusiya Federasiyasının istehsalı” sözlərini oxuyanda, necə deyərlər, “dalaqları sancdı”…
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Amanat” filminin rejissoru Rauf Qubayev, ssenaristləri Anton Simers və Amet Maqomedovdur, baş rollarda Amin Kuratov, Arslan Mirzabekov və Varvara Komarova çəkiliblər. Film avar xalqının milli qürur rəmzi İmam Şamilin qəhrəmanlıq dolu həyat səlnaməsini deyil, onun oğlu Cəmalətdinin rus qızı Liza ilə sevgi əhvalatını canlandırır. Titrlər “süjet olmuş hadisələr üzərində qurulub” sözlərini nümayiş etdirir. Amma “olmuş hadisələri” yanaşı düzəndə belə bir yanlış mənzərə yaranır: deməzsənmiş, nə məsum Rus İmperatoru, nə də İmam Şamil müharibə istəmirlərmiş. Neçə illik savaşı qızışdıran “hiyləgər, xain” Osmanlı türkləri imiş. Şeyxin oğlunu da ruslar ona görə girov götürüblər ki, vəhşi avar tayfasının bir nümayəndəsi oxusun, savadlansın, mədəni birisinə çevrilsin. Məhz buna görə də İmperator İmamın varisi Cəmalətdinə Amanat - əmanət kimi baxır - öpüb, qucaqlayıb gözü üstə saxlayır.…
Təəccübləndiniz, deyilmi? Düşündünüz ki, tarixi bu cür təhrif etməkmi olar?
Filmin axırında Şamilin oğlu ruslarla avarlara ağıl öyrədən yerdə şəhid olur və bundan sonra İmam Şamil ”sülh” deyib ölən İmperatorun vəliəhdiylə “qardaş”laşır, müharibə bitir və Şamilin azadlıq savaşının tam bir yanlış, tam bir anlaşılmazlıq olduğu ortaya çıxır…
Beləcə, İmam Şamilin dünya trixində iz qoyan onilliklər boyu davam etmiş azadlıq hərəkatı gözdın salınaraq heçə endirilir.
Bəli, tarixi təhrif edən bir film əslində xırda xalqların milli qürurunu boğub velikorus şovinizminə xidmət edir.
Əslində niyyət aydındır. Biz rus kinematoqrafiyasını qınaya da bilmərik. Hər kəs öz xeyrinə çalışmalıdır. Qoy ruslar bu sayaq filmlərini çəkib özləri üçün nümayiş etdirsinlər. Bu öz yerində. Amma bu filmin Bakıda, bir türk şəhərində, “bir millət, iki dövlət”in paytaxtlarından birində nümayişi sadəcə bizlərə utancdır. Üstəlik, Azərbaycanda da illərdir davam edən İmam Şamil kultunu qırmaqdır.
Xarici filmlər ölkə kinotetarlarına necə yol tapır, seçim necə edilir, bilən varmı? Zəmanət hanı ki, sabah Bakıda bir ermənipərəst film nümayiş olunmayacaq?
Səmamızda Türk şahinləri uçur, bizlərsə kinotetarda Rusiya təbliğatında türkləri aşağılayan filmə tamaşa edirik.
Bərəkallah!