Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində BDU tələbələrinin dünya və Azərbaycan klassikasının ən parlaq nümunələri ilə tanışlığı davam edir. Ötən həftə Akademik Milli Dram Teatrında dahi Mirzə Cəlilin “Ölülər tragikomediyasının yeni səhnə təfsirinə tamaşa edən gənclər bu dəfə dünya mədəniyyətinin əvəzsiz inciləri ilə tanışlıq imkanı qazanıblar.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, təıəbələr bu dəfə Akademik Musiqili Teatrda "Paris Notr-Dama ithaf" tamaşasına baxıblar. Dünya şöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında, rejissor Samir Qulamovun quruluşunda hazırlanmış tamaşa tələbələr tərəfindən maraqla qarşılanıb. Gənclər 2 saat ərzində incəsənət dünyasına qərq olmaq, XII-XIV əsrlərdə tikilmiş, bir çox tarixi hadisələrə şahidlik etmiş əsrarəngiz Notr-Dam kilsəsi, V.Hüqo qələminin möcüzəli toxunuşu ilə yaranmış əsərlə və bir-birindən gözəl musiqi nömrələri, parlaq aktyor ifaları ilə zəngin maraqlı tamaşayla tanış olmaq imkanı qazanıblar.
Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi İlqar Fəhmidir.
Tamaşadan sonra öz təəssüratlarını bölüşən tələbələr tamaşadan böyük zövq aldıqlarını, “Mədəni gənclik” layihəsi çərçivəsində qatıldıqları tədbirlərin onların dünyagörüşünün və mədəni zövqünün formalaşmasına böyük təsir göstərdiyini qeyd ediblər.
Xatırladaq ki, gənclərin incəsənətə marağının artırılmasını əsas məqsəd kimi qarşıya qoyan layihə iyun ayının sonuna qədər davam edəcək.