Akademik Milli Dram Teatrı “Mədəni gənclik” layihəsinə ev sahibliyi edib

 

Mədəniyyət Mazirliyinin xətti ilə həyata keçən layihə çərçivəsində Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında Xalq artisti Azər Paşa Nemətovun quruluşunda hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir. 

 

Bakı Dövlət Universitetinin tələbələri dahi Mirzə Cəlilin qələmindən çıxan ölməz əsərin müasir səhnə interpretasiyası ilə tanış olub, tamaşadan sonra təəssüratlarını bölüşüblər.   

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin "Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub.

"Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətovdur.

Tamaşada digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva canlandırırlar.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək, XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Mədəni gənclik” layihəsinin məqsədi gənclərin incəsənətə marağının artırılması, onların ölkənin mədəni proseslərinə cəlb edilməsi, Azərbaycan gənci və mədəniyyətimiz arasında körpü salmaq, mədəni dəyərlərimizə sahib çıxacaq nəslin yetişdirilməsinə töhfə verməkdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.