Həsən Məmmədovun Ələsgər Ələkbərovdan yediyi şillə Featured

 Yazıçı Əyyub Qiyasın təqdimatında “AZƏRBAYCAN AKTYORLARININ HƏYATINDAN MARAQLI ANLAR” layihəsində bu dəfə sizə ƏLƏSGƏR ƏLƏKBƏROVun (1910-1963) xatirələrini təqdim edəcəyik.

 

 ***

Cavan vaxtlarımda bir özündənrazı aktyorla tərəf-müqabili idim. Adam həm istedadsız, həm də təkəbbürlü idi. Məşqləri zay edib qoyur, vaxtımızı alır, əsəblərimizi tarıma çəkirdi. Rejissor da ona görə məni qınayırdı:

– Tərəf müqabilinə kömək elə, onu öz arxanca çək apar.

– Çəkməyinə çəkim ey, adam yerindən tərpənmir axı.

– Heç bilirsən  tərəf müqabili nə deməkdir? Tərəf müqabili səhnədə iki ağıllı adamın söhbətidir.

– Əgər o iki adamdan biri həm ağılsız, həm də istedadsızdırsa, onda necə?

Rejossor məni başa düşdü, başını qaşıyaraq:

– Onda, ağıllı zülülm çəkəcək, – dedi.

 

***

“Böyük dayaq” filminin çəkilişləri rayonda gedirdi. Filmdə belə bir yer var, Rüstəm kişi evə gələndə oğlu Qaraşın səsini qaldırıb narazılıq elədiyini eşidir və ona bir şillə çəkir. Epizodu bir-neçə dəfə məşq elədik. Qaraş roluna o vaxt cavan olan Həsən Məmmədov çəkilirdi. Mən rejissorun komandası ilə otaqda gözləyirdim. Anası ilə bacısı Qaraşın arxasınca düşüb yan otağa gəlirdilər. Yan otaqdakı çəkilişlərin səsini eşidib əsəbiləşmişdim. Yadıma qonşuluqda baş verən bir hadisə düşmüşdü. Bu vaxt Həsən mənə yaxınlaşdı. Onun üstünə çığırıb:

– Binamusluğun bəs deyil, dədəsiz-nənəsiz qıza zülm eləməyin bəs deyil, hələ bir ağbirçək anana da söz qaytarırsan, – deyib,  şillə çəkdim. Məşqlərdə Həsən şilləni sağ tərəfdən gözləyirdi. Çünki kadr elə qurulmuşdu ki, mən şillə vuranda görünməməli idi. Amma mən özümdən asılı olmadan Həsənə sol əlimlə yağılı bir şillə çəkdim. Epizodu sona qədər davam etdik. Stop komandası veriləndə Həsəni pərt gördüm. Yaxınlaşıb könlünü aldım:

 – Bu sənə məndən bir ata şilləsi, böyük şilləsi olsun, – dedim, – elə yaşa ki, heç kəs sənə həyatda belə şillə vurmasın.

Həsən Məmmədov gözəl ailə başçısı oldu.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.