Bu gün Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” bədii filminin premyerası olacaq

 

Bu gün Nizami Kino Mərkəzində İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz münasibətilə ekranlaşdırılan “Köhnə çamadanlar” bədii filminin premyerası olacaq.

 

Qeyd edək ki, müharibənin ana xətt olaraq keçdiyi filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, montaj rejissoru Rza Almasi Pərqu, prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, art direktoru Tahir Tahiroviç, baş prodüseri Pərvinə İsmayılovadır.

Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır.

Tamaşaçı ekran əsərində döyüşçü, şəhid anası, bacısı, yoldaşı, həkim, əsir və qaçqın düşmüş Azərbaycan qadınlarının ümumiləşmiş obrazında müharibə və onun ağrılarının fərqli çalarlardakı təsvirini görə biləcəklər.

Ekran işində Birinci və İkinci Qarabağ müharibələrində baş verən hadisələr kəsişir, hər iki dövrü əhatə edən ayrı-ayrı epizodlar dramaturji və vizual baxımdan bir-birini tamamlayaraq hekayənin vahid strukturunu yaradır. Final səhnələri Azərbaycan Ordusunun qələbəsini əks etdirən sənədli və bədii kadrlarla tamamlanır.

Əsas rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Zemfira Əbdüsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva və başqaları ifa edirlər. Uşaq rollarını isə “Oyuq” teatr-studiyasının yetirmələri oynayırlar. Ekran işində peşəkar aktyorlarla yanaşı, hər iki müharibənin canlı şahidləri – əlil və qaziləri, həmçinin əlilliyi olan həvəskar aktyorlar da rol alıblar.

Film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “RS Prodakşn” və "OYUN" inklüziv teatrının birgə layihəsidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.