Bu gün mərhum aktyor Həsən Əblucun anadan olmasının 80 illiyidir

 

Bu gün tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Azərbaycanın Əməkdar Artisti  Həsən Əblucun anadan olmasının 80-cı ildönümüdür.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təkrarolunmaz səsə malik Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbriz şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Həsən Əbluc hələ uşaq vaxtlarından aktyorluğa böyük həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Texniki Universitet) daxil olub. Birinci kursdan sonra sənədlərini M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Elə həmin il Azərbaycan Dövlət Dram Teatrında rumın yazıçı Sebastyanın “Adsız ulduz” tamaşasına quruluş verib.

H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.

Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.

Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.

Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.

O, cəmi 52 il yaşayıb. Bu işıqlı dünyadan ömrünün kamilliyə yenicə çatdığı ən gözəl bir dönümündə  ayrılan Həsən Əbluc yaddaşlarda da elə səsi ilə qalıb. 

Ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.