Birinci Daşkənd Beynəlxalq Animasiya Forumu öz işinə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, foruma Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İsrail, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri, rəssam-multiplikatorlar qatılıb.
Azərbaycanı bu festivalda ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyev və ölkəmizdə tanınmış animasiya filmləri müəllifi Elçin Hami Axundov təmsil edir.
“Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama milli animasiya filmləri daxil edilib.
Rəşid Ağamalıyev bildirib ki, “Azərbaycan animasiyasının 50 illiyi” proqramı bundan əvvəl Polşa, Yunanıstan və Gürcüstanda keçirilən beynəlxalq animasiya festivallarına qatılıb. Proqrama “Cırtdan”, “Tıq-Tıq xanım”, “Cırtdan-pəhləvan”, “Anam ağaca çıxıb”, “İthaf” və digər filmlər daxildir.
Festival çərçivəsində müsabiqələr, mühazirələr, yaradıcılıq görüşləri keçiriləcək.
Animasiya Forumu aprelin 22-dək davam edəcək.