Dünən “YARAT” Müasir İncəsənət Məkanının qarşısında, açıq havada Mədəniyyət Nazirliyi və “YARAT” Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə anonsunu verdiyimiz Azərbaycan Kinosu Gününə həsr olunmuş kinosevərlər gecəsi olduqca maraqlı təqdimatda baş tutdu. Gecədə nüfuzlu film festivallarında uğur qazanan 4 milli filmin premyeraları oldu. Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunurdu.
Premyeradan əvvəl Mədəniyyət naziri Anar Kərimov tamaşaçıları Milli Kino Günü münasibətilə təbrik edərək bilfirdi ki, tədbirə bu qədər insanın toplaşması milli kinoya marağın göstəricisidir. Bu il Azərbaycan kinosunun 123-cü ilinin tamam olduğunu deyən nazir qeyd etdi ki, kino ilk dəfə Fransada yarandıqdan cəmi 2 il sonra Azərbaycana gəlib. “Bu, böyük bir nailiyyətdir. Buna görə Azərbaycan kinosu ilə fəxr etməliyik”, - deyə nazir bildirdi. Və söylədi:
“Mədəniyyət Nazirliyi olaraq məqsədimiz kino sənətini irəli aparmaq, inkişaf etdirmək və bu ənənəni yaşatmaqdır”.
Nümayiş olunacaq 4 filmdən birincisinin - “Olimpiya” filminin rejissoru Əlisəttar Quliyev çəkdiyi “Olimpiya” filmi barədə məlumat verdi. Qeyd etdi ki, filmin çəkilişlərinə ötən il başlanılıb. İlk olaraq filmin qısametrajlı bir formatda çəkilməsi nəzərdə tutulsa da, sonradan xronometrajı artırmaq qərara alınıb. Filmin “sountrack”ı isə tam olaraq müəllif musiqisidir.
Sonra filmlərin nümayişinə başlanıldı.
Filmlər barədə portalımız ətraflı məlumat versə də bir daha bu uğurlu filmlər barədə danışacağıq.
İlk nümayiş olunan film Əlisəttar Quliyevin rejissorluğu ilə çəkilən “Olimpiya” melodraması oldu. 2021-ci ildə Azərbaycan tərəfindən istehsal olunan “Olimpiya” ekran əsəri bir idmançının həyatından bəhs edir. Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...
Qısa fasilədən sonra “Daxildəki ada” dramının nümayişinə başlanıldı. Azərbaycan-Fransa istehsalı olan və 100 dəqiqə davam edən filmin rejissoru Rüfət Həsənovdur. Filmin süjeti Seymur Tahirbəyov adlı qrossmeyster üzərində qurulub. O, karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.
Sonra Teymur Hacıyevin “Axşama doğru” qısa dramı göstərildi. Xronometrajı 12 dəqiqə olan film Azərbaycan istehsalıdır. Film ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxan cütlükdən bəhs edir. Məişət məsələləri onları dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.
Gecənin son 21 dəqiqəsi “Quxuroba” filminə ayrıldı. Dram janrında çəkilən “Quxuroba” 2020-ci ildə Azərbaycanda istehsal olunub. Filmin süjet xəttinə görə taksi sürücüsü Rasim müdirindən çox vacib bir tapşırıq alır - o, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır.
4 saat davam edən kinoseans zamanı tamaşaçılar filmləri maraqla izlədilər.
Bir sözlə, kino bayramı baş tutdu.