Azərbaycan teatr sənətinin qocaman nümayəndələrindən biri, tanınmış aktyor və rejissor, Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasov aprerl ayının 1-də, 82 yaşında vəfat etmişdir.
Bütün mənalı ömrünü Azərbaycan mədəniyyətinə həsr etmiş Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstanın Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirən rejissor müxtəlif illərdə İrəvan Dövlət Azərbaycan Dram, Qazax Dram və Mingəçevir Dövlət Dram Teatrlarında çalışmışdır.
Mingəçevir Dövlət Dram Teatrında “Hacı Qara” (M.F. Axundzadə), “Eşq və intiqam” (S.S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” (S.Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M.Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), “Şeytan nəsli” (H.Muxtarov), “Dar ağacı” (B.Vahabzadə), “Ölülər” (C.Məmmədquluzadə), “Almaz”, “Solğun çiçəklər” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoymuş, aktyor kimi də çıxış etmişdir.
Zülfüqar Abbasov ən yaxşı insani keyfiyyətlərə malik olan bir sənət xadimi kimi həmkarlarının dərin hörmət və nüfuzunu qazanmışdı. İstedadlı aktyor və rejissor, gözəl insan Zülfüqar Abbasovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!