Avqustun 2-də YARAT Müasir İncəsənət Məkanının qarşısında 20:00-dan 00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.
Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.
Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Film proqramı:
“Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq.
Rejissor: Əli-Səttar Quliyev
Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...
“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa,
dram, 100 dəq.
Rejissor: Rüfət Həsənov
Treyler: https://www.youtube.com/watch?v=7GHhfIK4Clg
Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.
“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq.
Rejissor: Teymur Hacıyev
Treyler: https://www.youtube.com/watch?v=KrMyT4YooYI
Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları
dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.
“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq.
Rejissor: Teymur Qəmbərov
Treyler: https://www.youtube.com/watch?v=ORRZzxDxzJ4
Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var...
Rejissorların təqdimatı:
Əli-Səttar Quliyev (1981-ci il təvəllüdlüdür, Bakı, Azərbaycan)
“Mozalan” studiyasının direktorudur. Onun “Çardaq” (2016) qısametrajlı, “Əlvida, Şmidt!”(2019) və “Olimpiya” (2021) tammetrajlı bədii filmləri bir sıra beynəlxalq festivalların iştirakçısıdır.
Rüfət Həsənov (1987-ci il, Bakı, Azərbaycan)
2009- cu ildə Beyts Kollec-dən (ABŞ), 2012-ci ildə isə Moskva şəhərində Ssenaristlər və Rejissorlar Ali Kurslarından məzun olub. 2013 -cü ildə Elvin Adıgözəl ilə çəkdiyi “Buqələmun” tammetrajlı bədii filmi Beynəlxalq Lokarno festivalının “Filmmakers of Present” proqramına daxil edilib və “Golden Leopard” mükafatına namizəd olub.
Rüfət Həsənov EAVE (Avropa Audio-vizual sahibkarlar) Berlinale Talents Network və SOFA (School of Film Advancement) məzunudur.
O, 2020-ci il Sarayevo Film Festivalında “Daxildəki ada” filmi ilə “Ən yaxşı rejissor” mükafatını qazanıb.
Teymur Hacıyev (1982-ci il, Bakı, Azərbaycan)
Bir neçə qısa filmi prodüser olaraq istehsal edən Teymur, rejissorluq debütünü qısa filmi “The Wound” (Yara) ilə edib, onu Palm Springs qısa film festivalında (2013) nümayiş etdirib. Onun ikinci qısametrajlı “Şanxay, Bakı” filminin premyerası Tampere Film Festivalında (2016) və üçüncü qısametrajlı filmi “Duz, İstiot zövqə görə” Rotterdam Beynəlxalq Film Festivalında nümayiş olunub və Kinoskopun “2019-cu ilin ən yaxşı beş qısa filmi” nə daxil edilib. Onun “Axşama doğru” filminin Kann kinofestivalında “Tənqidçilər Həftəsi”nə daxil edilməsi, Teymuru həm rejissor, həm də prodüser kimi Kannda olmuş yeganə azərbaycanlı rejissor edir.
Teymur Qəmbərov (1986-cı il, Bakı, Azərbaycan)
“Starcom Mediavest” və “Red Communications” kimi bir sıra PR agentliklərində çalışıb. Onun ilk ”Quxuroba” qısametrajlı filmi Polşanın Poznan şəhərində baş tutan Avropa Short Pitch festivalının “Image Production” və “Mastering & Distribution” mükafatlarını qazanıb. 2020-ci ildə “Quxuroba” Sarayevo Film Festivalının Rəsmi Qısametrajlı Film Müsabiqəsinə seçilib.