Tanınmış mədəniyyət xadimi Gəray Əlibəyovun doğum günüdür

 

Bu gün tanınmış aktyor, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyovun doğum günüdür.  

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gəray Ayaz oğlu Əlibəyov 1955-ci ildə Füzulu rayonunun Dədəli kəndində dünyaya göz açıb. Səkkizilliyi həmin kənddə, orta məktəbi Füzuli rayonu B.Sərdarov adına məktəbdə bitirib. 1973-1977-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alaraq Gəray Əlibəyov bütün həyatını teatra və kinoya həsr edib. O, Sumqayıt Dövlət Teatrında aktyor, şəhərin “Veteran” klubunda direktor, Bakıdakı “Araz” kinoteatrında direktor müavini və direktor, "Sinema" kiçik dövlət müəssisəsində direktor, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, ULUS FİLM prodüsser mərkəzinin direktoru vəzifələrində çalışıb. 

Gəray Əlibəyov “Tütək səsi”, “Sevinc buxtası”, “Gözlə məni” və “Qanlı zəmi” kimi populyar filmlərdə yaddaqalan obrazlar yaratmışdır. 

O, Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən hesab olunan "Cavad xan” filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskva, Tehran, Budapeşt, Varşava, Kiyev və Nyu-York şəhərlərində təqdimatının keçirilməsinə nail olmuşdur. 

2005 -ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür.

2021-ci il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya sədrlik edən Gəray Əlibəyov ölkənin mədəni həyatında canlanma yaratmağa nail olaraq bir çox layihələrin həyata keçməsini təmin etmişdir. Bakıda keçirilən xalq teatrlarının festivalı, Sumqayıtda keçirilən Mədəniyyət forumu və digərləri dediyimizə əyani sübutdur.

Gəray Əlibəyovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona mədəniyyətimizin çiçəklənməsi yolunda yeni-yeni uğurlu layihələrə imza atmağı arzulayırıq.

O ki qaldı, bu gün dünyaya gələn digər tanınmış incəsənət xadimlərinə, meyxanasevərlər bu gün Elşən Xəzəri təbrik etməyə tələsəcəklər, istedadlı meyxanaçı ömrünün 49-cu baharına qədəm qoyacaq. 

1936-cı ilin 29 martında tanınmış rus-sovet kinorejissoru Stanislav Qovoruxin, 1873-cü ilin 29 martında isə Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, satirik şair Mirzə Əli Möcüz dünyaya gəliblər.

Çalındı suri-israfil və bidar oldu hər millət,

Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.

Yüz il öncə Mirzə Əli Möcüzün söylədikləri görün necə indimizdə də aktuallığını qoruyub saxlayır.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.