Venesiya kinofestivalının aşılış filmi “Paralel analar”, favorit filmi isə “Dyunlar”dır Featured

 

Xəbər verdiyimiz kimi, 78-ci Venesiya kinofestivalı məşhur ispan kinorejissoru Pedro Almodovarın "Paralel analar" filmiylə açılacaq, bu barədə çərşənbə axşamı Venesiya kinofestivalının bədii rəhbəri Alberto Barbera onlayn rejimdə keçirilən mətbuat konfransında bildirmişdi. İndi isə əlavə təfərrüatlar da bəlli oldu.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, bu dəfə Venesiya kinofestivalı sentyabrın 1-dən 11-dək keçiriləcək, festivalın proqramı və favoritləri də artıq bəllidir.

 

Məşhur ispaniyalı Almodovar karyerasına məhz 1983-cü ildə Venesiya kinofestivalında iştirakla başlayıb və iki il əvvəl kino sənətinə verdiyi töhfəyə görə "Qızıl Şir"i aldığı məkana xüsusi hisslə qayıdır.

 

"Paralel analar" filmində Almodovar yenidən öz sevimli aktrisası Penelopa Kruzu ekrana çıxarır. Penelopa ərsiz qadının obrazını yaradır, o obrazı ki, eyni gündə eyni xəstəxana palatasında yeniyetmə bir qızla bərabər uşaq dünyaya gətirir. Həmin yeniyetmə qız üçün bu doğuş psixikasını zədələyən bir zərbə olur, Penelopanın oynadığı qəhrəmanın isə bu doğuşla bağlı bol ümidləri var. Bu iki zənənin tanışlığı elə palatada qalmır, onların həyatı paralel olaraq eyni ritmdə davam edir, onlar uşaqlarını böyüdürlər və zamanla, şəraitin təsiri altında dəyişirlər. Gərgin, dramatik, psixoloji bir film!

 

Bu dəfəki festivala ötən il pandemiyanın məcburi qadağalarından sonra sükuta dalmış Amerika kinostudiyaları da qayıdırlar. Ridli Skott müsabiqədənkənar "Son duel "filmini təqdim edəcək. Filmin süjeti qüdrətli döyüşçü tərəfindən zorakılığa məruz qalmış qadının real həyat tarixçəsinə əsaslanır. Əri onun haqlı olduğunu sübut etmək üçün qudurğan döyüşçü ilə ölüm döyüşünə girməlidir.

 

Çoxdan gözlənilən daha bir blokbaster nümayiş olunacaq – söhbət Denis Villenevin haqqında portalımızda yazı getmiş "Dyunlar" filmindən gedir. Bu, Frenk Herbert tərəfindən yazılmış eyniadlı kult romanın ekran variantıdır, baş rolda Hollivudun yeni sevimlisi Timothy Shalaman oynayır. Premyerası bir neçə dəfə təxirə salınan film nəhayət ki, sentyabrın 3-də Avropa ekranlarında – yəni ki, Venesiyada görünəcəkdir.

 

Xatırladaq ki, filmin treyleri ötən cümə günü Warner Bros kinokompaniyasının rəsmi YouTube kanalında nümayiş olunub. Filmdə Timothy Shalamadan başqa Rebekka Ferguson, Oskar Ayzek, Zendeya, Coş Brolin, Ceyson Momoa, Stellan Skarsgard və Xavyer Bardem çəkiliblər.

 

Film macəra-ekşn janrındadır. Kino kritikləri prokat zamanı ona ağlasığmaz gəlir vəd edirlər.

 

Yeri gəlmişkən, “Dyunlar” festivalın da əsas favorit filmdir və kino mütəxəssisləri “Qızıl Şir”in bu filmə qismət olacağını proqnozlaşdırırlar.

 

“Qızıl Şir” üçün mübarizəyə beş italyan filmi də qatılacaq, o cümlədən, rejissor Paolo Sorrentinonun çəkdiyi, baş rolda Toni Servillonun oynadığı “Allahın əli" filmi. Bu, avtobioqrafik filmdir, rejissor Neapolda keçən uşaqlıq və gəncliyini, əfsanə futbolçu Dieqo Maradona ilə bağlı xatirələrini lentə alıb. Yəqin idmansevər oxucularımız dərhal anladılar ki, “Allahın əli” adı nəyi ehtiva edir. Bu, Maradona ilə bağlı məşhur bir əhvalatdır, Maradona 1986-cı ilin dünya çempionatında İngiltərəyə qarşı matçda əli ilə qol vurub Argentina yığmasına yarımfinala vəsiqə gətirmişdi, təkrar kadrlardan sonra qolun əllə vurulduğu sübut edilmişdi, onu əli ilə qol vurmaqda ittiham etmələri səbəbindən Maradona da söyləmişdi ki, bu, mənim deyil, Allahın əli idi.

 

Film Netflix rəqəmsal platformasının sifarişi ilə hazırlanıb.

 

Həmçinin italyan Gabriele Maynettinin  "Friki" trilleri də festivalda nümayiş olunacaq. 1943-cü ildə faşizmin tüğyan etdiyi Romada qalmış "Kifirlər sirkinin" dörd artistindən bəhs edən film hədsiz dərəcədə maraqlı alınıb.

 

Bu il festivalın müdiriyyəti Venesiya Biennalesində dünyaşöhrətli Armani-nin dəstəyi ilə yeni bir mükafat təqdim edəcək. Armani Beauty - dünya kinosunda yeni tendensiyaları təmsil etmək üçün nəzərdə tutulmuş yeni "Ekstra üfüqləri" bölməsində tamaşaçı rəğbətini mükafatlandıracaq.

 

Ümumilikdə, Cənubi Koreya rejissoru Pon Cun Xonun rəhbərlik etdiyi beynəlxalq münsiflər heyəti əsas mükafatlar uğrunda mübarizə aparacaq 20 lenti qiymətləndirməlidir. Onların arasında qeyd etdiyimiz Pedro Almodovarın "Paralel analar " (Madres Paralelas) filmində baş rolu oynayan Penelopa Kruz həmçinin Argentinanın "Rəsmi müsabiqə" (Competencia Oficial) filmində də rol alıb. Müsabiqəyə təqdim edilmiş fransız lentlərindən birində ünlü Jerar Depardye də sənətsevərlərin qarşısına çıxacaq.

 

Kristen Stüart isə öz növbəsində Çili rejissoru  Pablo Larrainin "Spenser" (Spencer) lentində şahzadə Diana rolunu canlandıracaq. Daha əvvəl çilili rejissor Venesiyada Jacqueline Kennedinin həyatından bəhs edən "Jackie" (Jackie, 2016) bioqrafik lentini təqdim etmişdi.

 

"Üfüqlər" müsabiqə proqramına ukraynalı rejissor İqor Sentsovun filmi də daxil edilib. Ümumilikdə, “üfüqlər”də 20 -yə yaxın film təqdim olunur, o cümlədən proqramda yeganə yapon animasiya filmi də. Sənədli kinonun böyük bölməsində müsabiqədənkənar "Səngərlər" filmi nümayiş etdiriləcək ki, bu da Donbasdakı təmas xəttində çəkilmiş fransız lentidır, həmçinin, müharibənin dağıtdığı Suriya da bir başqa filmdə nümayiş etdiriləcək. (Çox təəssüf ki, bu sayaq tribunalara Qarabağ həqiqətləri heç vaxt yüksələ bilmir. Azərbaycanda kino, ədəbiyyat sahəsi yatırımlar qoyulmaması səbəbindən sərhədləri aşmır).

 

Müsabiqənin bağlanışında Roberto Andonun "Gizlədilmiş uşaq" (Il Bambino Nascosto) italyan lentini təqdim edəcəklər.

 

Ənənəyə görə festival proqramına seriallar da daxil edilir. Bu dəfə festivalda 1973-cü ildə İnqmar Berqmanın çəkdiyi "Ailə həyatından səhnələr" (Scenes From A Marriage) filminin israilli rejissor Xaqay Levin tərəfindən lentə aldığı teleserial variantından 5 epizod nümayiş olunacaq. Cessika Çesteyn və Oskar Ayzekin rol aldığı teleserial HBO üçün çəkilmişdir.

 

Bir sözlə, sentyabrın 1-də makaronsevərlərin ölkəsinə əsil kino bayramı gələcək.

 

Güclü aparsın!

 

Arayış: Ümumilikdə festivala 59 ölkənin nümayəndələri qatılacaq. Festivalın  prezident Roberto Çikutto Lido adasında keçirilən festival meydançasında koronavirusun yayılmasına yol verməmək üçün bütün ciddi normalara riayət ediləcəyini bildirib. Oturacaq yerlərinin sayı iki dəfə azaldılıb - 8 mindən 4 minə qədər. Əlavə nümayiş meydançaları – açıq kinoteatrlar isə Venesiyanın özündə də, şəhərin şərq hissəsində də saxlanılacaq. İtalyan hökuməti  ictimai və mədəni tədbirlərə, o cümlədən kinoteatrlara baş çəkmək üçün lazım olan kovid sertifikatından necə istifadə ediləcəyinə isə hələ də izah verə bilməyib.

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.