Sabah Akademik Milli Dram Teatrında premyera olacaq

 

Martın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın premyerası keçiriləcək. 

Tamaşa italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb.

Eduardo de Filipponun 1946-cı ildə qələmə aldığı əsər elə həmin il Neapoldakı Politeama teatrında tamaşaya qoyulub. Əsər Filumena Marturano adlı qadının Domeniko Soriano adlı varlı kişi ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayevdir. Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.

Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

Tamaşada baş rollarda Xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano) və Ramiz Novruz (Domeniko Soriano) oynayırlar. Səhnə əsərində həmçinin aktyorlar Ramin Şıxəliyev, Cümşüd Zeynalov, Ləman İmanova, Əməkdar artist Sevinc Əliyeva, aktyorlar Şəhla Əliqızı, İlahə Həsənova, Fəridə Şahbazova, Vüsal Mustafayev, Elnur Qədirov, Corc Qafarov, Cavidan Novruz və Elsevər Rəhimov, Firuzə Balayeva, Xədicə Novruzlu rol alıb.

 

Şəkildə: “Filumena Marturano”ya çəkilmiş ilk filmin tarixi afişası

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.