O Tahir Tahiroviçdir, kinoya köklü dəyişikliklər gətirmək istəyən adamdır Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Təqvimdə 1975-ci ilin aprel ayının 28-i idi. Həmin gün Ərəb Sosialist Dirçəliş partiyasının İraq üzrə rəhbəri və İnqilabi komandanlıq şurasının sədri, marşal Səddam Hüseyn 38 yaşını qeyd edirdi. Bu zaman Azərbaycanın Bakı şəhərində bir oğlan uşağı “İnqa-inqa“ çığıraraq dünyaya gəldi. Adını Tahir qoydular. Sonradan 38 yaşını qeyd edən dağıdıcı, yeni doğulan isə qurucu şəxs kimi tarixdə qalacaqdılar.

Üstəlik, həmin o 28 aprel gününün bir özəlliyi də vardı - 1923-cü ilin həmin günündə "Azərbaycanfilm" kinostudiyası yaranmışdı. Bəlkə də 28 aprel tarixinin bu mesajı idi ki, Tahir Tahiroviçi böyük kinoya gətirdi.

 

İllər ötdü. Tahir boya-başa çatıb orta təhsilini başa vurdu. Arzusu mülki təyarəçi olmaq idi. O qədər bu peşənin vurğunu idi ki, hətta özünə təyarəçi “paqon”ları da almışdı. Amma ataların sözü olmasın - sən saydığını say, gör Fələk nə sayacaq? Necə deyərlər, Fələk onu hərləyib-fırlayıb İncəsənət Universitetinə gətirdi. Qismətinə Cəmil Quliyevin emalatxanasında təhsil almaq düşdü...

 

Deyir ki:- “1993-98-ci illər aralığında mənim gəncliyim çox pis keçib. Niyə? 13-14 yaşım olanda Qarabağ hadisələri başladı. 15 yaşımda 20 yanvar qırğını oldu. 17 yaşım olanda Şuşanı itirdik. 20 yaşım komendant saatı olan vaxtlara düşdü. Mənim indiyə kimi yadımdadır 1995-ci ilin 28 aprelində 20 yaşım tamam olanda bir qızla şəhərdə gəzirdim, başımız elə qarışdı ki, bir də gördük gecə saat 12-dir. Həmin gün məni həbs etdilər. Səhv etmirəmsə, Hüsü Hacıyev küçəsində baş vermişdi bu hadisə. Dedilər, siz getməlisiniz komendaturaya, orada qalmalısınız. Dedim, icazə verin, bu gün şənlənim, mənim ad günümdür axı. Pasportuma baxanda, dedilər sən çox pis gündə doğulmusan. Söz yox, bizi həmin gün azad etdilər. Yəni onu demək istəyirəm ki, çox pis vəziyyətdə, normal, xarakteri olmayan cəmiyyətdə böyüdük. 20 yanvarda və Qarabağda baş verənlər xaraktersiz hadisələr idi. Dediyim kimi əcaib bir cəmiyyətdə böyüdüm...”

 

1988-ci ildə meydan hərəkatında fəal iştirakçılardan biri olub. 20 yanvar hadisələri də ondan yan keçməyib, küçə barikadalarında iştirak edib. Bu hadisələr onun təfəkkürünə elə təsir göstərib ki, İncəsənət Universitetinə, kinoya gəlib. Kinonu incəsənətin kəskin və aqressiv növü hesab edir. Düçünür ki, ictimai baxışı, ictimai rəyi, ictimai düşüncəsi olmayan adam kino rejissorluğundan uzaq olmalıdır...

 

“80 milyondan çox əhalisi olan Türkiyədə ildə 500 nəfər rejissor diplomu alır. Ona görə ki, telekanalların sayı 5000-dən çoxdur, rejissorlara ehtiyac var. Sizcə, Azərbaycanda sənədli kino 90-cı illərdə niyə inkişaf etdi? Çünki Azərbaycan kinosunda bədii filmlərə dövlət dəstəyi olmadı. Amma buna baxmayaraq müəyyən şirkətlər kinoya pul ayırırdılar. Sadəcə bu şirkətləri tapmaq çətin idi. Televiziyalarda sənədli filmlərin çəkilişi isə istedadlı tələbələrin hesabına başa gəlirdi.”- söyləyir.

 

İnanır ki, kino baxımından 5-10 il sonra hər şey öz qaydasına düşəcək. Qarabağı dirçəldənnən sonra dövlət bu sahəyə də əl gəzdirəcək, kino sənətinin inkişafına daha böyük yardımlar edəcək. Amma inanmır ki, dövlətdən kənar kimsə kinoya külli miqdarda pul qoysun. Bunu mümkünsüz hesab edir...

 

Deyir ki:- “Azərbaycan kinosu artıq inkişaf edir. Yeni kino təşkilatları var. Kino Agentliyi, “Cinema” Gənc Kinematoqrafçıları Mərkəzi, Azərbaycan Gənc Film İstehsalçıları Assosiasiyası, Ssenari Mərkəzi və digər təşkilatlar fəaliyyət göstərir. Belə təşkilatların sayı çox olmalıdır. Xarici fondlarla əlaqələr qurulub müştərək işlər görülməlidir. İnkişaf puldur. Pul da ki var. Yaxşı filmlərin ortaya çıxmamağı isə pulla bağlı deyil. Pulun olub-olmamağının kinomuzun inkişafına dəxli yoxdur. Futbola Azərbaycandan çox pul buraxan ölkə var? Amma qol vura bilmirlər. Problem başqadır. Ədəbiyyatın da inkişafı da lazımdır. Nuri Bilgə Ceylanın son illərdə qazandığı uğurlar təkcə ona aid deyil. Onun uğurlarında Orxan Pamukun da payı var. Buna görə düşünürəm ki, Kamal Abdulla ya da başqa bir yazıçımız "Nobel" mükafatı almalıdır...”

 

...Rəhmətlik atası Cabbar kişi kinonu sevən adam olub. Oğluna komandiri, bir vaxtlar marşal Jukovun yavəri olmuş, azərbaycanlı polkovnik Nemət Kərimovdan çox danışıb. Bu da Tahirdə müharibədə iştirak etmiş marşallara ciddi maraq yaradıb. Uşaq vaxtı marşalların fotolarını toplamaqla yanaşı, müharibə haqqında çəkilmiş filmləri də diqqətlə izləyirdi. Böyüyüb sənədli kinoya gələndən sonra isə, özünə söz verib ki, ikinci dünya müharibəsini araşdırıb, bu haqda sənədli filmlər çəksin. Bu da onda alınıb və çox maraqlı filmlər ərsəyə gətirib. Deyir ki, elə qəhrəmanlar var ki, Azərbaycanda tanınmırdılar, unudulmuşdu, onları ortaya çıxardıq...

Bəli, Tahir Əliyev 1993-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində ali təhsil alıb. 2012-2014-cü illərdə isə Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr pilləsinə yuksəlib. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır...

 

“Elə adamlar var ki, pul onları qudurğan edir, elə adamlar da var ki, pul onları zadəgan edir. Biri var milyonçu, biri də var oliqarx. Oliqarx odur ki, televiziya, kinostudiya açır və oraya qazanc mənbəyi kimi baxmayaraq pul xərcləyir. Milyonçu isə milyonunun üzərinə milyon gətirmək üçün çalışır. Bax, milli zadəganlarımız kinoya yadım etməlidirlər...”- söyləyir.

 

Tahir Əliyev 1995-2000-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, 2003-2007-ci illərdə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor, 2007-2008-ci illərdə AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor, 2008-2016-cı illərdə "Salnamə" kinostudiyasında quruluşçu rejissor kimi fəaliyyət göstərib. 2016–2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri kimi çalışıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. "Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür. İndiyədək bir neçə filmin ssenari müəllifi, eləcə də otuz beşə yaxın bədii və sənədli filmlərin rejissoru olub...

Xülasə, onun 4 yaşı olanda Səddam Hüseyn İraqın prezidenti vəzifəsini icra etməyə başlayıb və 24 il İraqın prezidenti olub. 2003-cü ildə iraqlılar onu ölümdən qoruya bilmədilər. Corc Buşun zavalına tuş gəldi. Onda Səddamın 66, Tahir Əliyevin isə 28 yaşları vardı. Artıq o vaxtdan 22 il ötüb. Düşünürəm ki, Tahir Əliyevin xidmətlərini nəzərə alıb, onu mükafatlandırmağın zamanı çatıb...

Bəli, dünən, aprelin 28-i kinorejissor, kinossenarist Tahir Əliyevin 50 yaşı tamam oldu. Gec sayılmaz, ona möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayırıq.

Yubileyi mübarək olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.