Bəxtiyar Vahabzadənin "Dar ağacı" Şəki səhnəsində qurulacaq Featured

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Xalq şairi və dramaturq Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi  haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2025-ci il tarixli Sərəncamına uyğun olaraq Şəki Dövlət Dram Teatrında şairin müəllifi olduğu "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın masaarxası məşqlərinə başlanılıb. 

 

Tarixi dramda Azərbaycanın Ərəb xilafətinə,  yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir.  

Dramaturq kimi Bəxtiyar Vahabzadənin ilk qələm təcrübəsidir "Dar ağacı". Müəllifi tarixi mövzuya gətirib çıxaran bədii niyyətin orijinallığı və təzə-tərliyi də ilk dəfə burada özünü göstərmişdi. Belə ki, bu pyesdə Babək xatırlanır, talelərə və əməllərə onun ruhu və qəh-qəhələri ilə yekun vurulur, lakin süjetin əyani gedişi prosesində onun özü yox, teyfi iştirak edirdi".

Şairin tarixi faciə janrında qələmə aldığı "Dar ağacı" pyesi məzmunca çox maraqlı və ibrətamizdir. Xalq qəhrəmanı yadelli işğalçılara qarşı 20 illik mübarizə aparan Babəkin edam edilməsindən sonra Azərbaycanda cərəyan edən azadlıq mübarizəsi əsərin ana xəttini təşkil edir. Pyesin vaxtilə səhnəyə qoyulması məsələsi mübahisəli olsa da, bu əsər də B.Vahabzadənin tarixi mövzulu dramaturgiyasının uğurlu bir nümunəsidir.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyevdir. 

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova  (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay)  ifa edirlər.

Kollektiv ortaya uğurlu bir iş qoyacağına əmindir.

 

“Ədəbiyyat və incəsənət”

(26.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.