Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Bu gün oxucularımıza Çarizm dönəmi zamanı film tariximizin ilk tammetrajlı bədii filmi olan “Neft və milyonlar səltənətində” filmi barədə danışmaq istəyirəm.
Filmi 1916-ci ildə rejissor Boris Svetlov ekranlaşdırmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Sosial kinodram neft Bakısının XX əsrin əvvəllərindəki həyatını, Bakı müsəlman milyonçularının məişətini, dolanışıq üçün neft mədənlərində ən çətin şəraitdə işləyib yaşayan fəhlələrin ağır güzəranını ekranda canlandırmışdır.
Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin (Vladimir Lenin – proletariatın dahi rəhbəri ilə qarışdırmamalı -red.) taleyi fonunda cərəyan edir. Təsadüf nəticəsində yoxsul və kimsəsiz Cəlilin varlı bir neft sahibkarına çevrilməsi, Lütfəli (Hüseyn Ərəblinski) kimi pozğun və qəddar neft milyonçusu ilə dostluq etməsi onu nəinki müflisləşdirir, hətta məhv edir. Burjua cəmiyyətinin ali təbəqəsinə qədər yüksələn kasıb balasının burada özünə yer tapa bilməməsi və buna mənən hazır olmaması onun faciəsi ilə nəticələnir.
Filmdə əsas rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K. M. Piontkovskaya, Regina Lazareva, Yevgeni Muromski, Y. S. Orlitskaya, Y. V. İvanovski, Vladimir Vyazemski və N. M. Dobrınin ifa edirlər.
Məzmun
Bakı şəhərinin yaxınlığında yaşayan yoxsul bir dul qadın (Y. S. Orlitskaya) başqalarının yanında qulluqçuluq etməklə ailəsini güclə dolandırır. Ana məktəb yaşına çatmış oğlunu mədrəsəyə qoyur. Lakin az sonra onu mədrəsədən çıxarırlar. Əlacsız qalan qadın oğlunu tacir Həsənin (Vladimir Vyazemski) yanında işə düzəldir. Bir neçə ildən sonra Cəlilin anası vəfat edir. Cəlil evə qayıdır.
Cəlilgilin kasıb evi və bir parça torpağı varlı Lütfəli bəyin (Hüseyn Ərəblinski) geniş malikanəsinin yanında yerləşirdi.
Bir neçə il gəlib keçir, Abşeron torpağının hər yerində neft buruqları getdikcə artır… Buruqlar fontan vurur, sahibkarlara ağlagəlməz dərəcədə var-dövlət gətirir. Uzun danışıqlardan sonra Lütfəli bəylə Cəlil şərik olub, ikincinin həyətində bir neft quyusu qazdırırlar. Tezliklə yeni quyu fontan vurur, Cəlil varlanır; mülklər alır, gəmilər, mədənlər sahibi olur.
Qonşusu qocanın (Y. V. İvanovski) ölüm xəbərini eşidən Cəlil mərhumun evinə baş çəkir; qocanın qızı, onun uşaqlıq dostu Şəfiqəyə (K. M. Piontkovskaya) başsağlığı verməyə gedir… Şəfiqə böyümüş, gözəl bir qız olmuşdur… Cəlil və Şəfiqə evlənirlər.
Cəlil ata-baba adətinə zidd olaraq öz gənc yoldaşını başqalarından gizlətmir. Lütfəli bəy Şəfiqənin gözəlliyinə heyrandır. O, münasib vaxt tapıb öz məhəbbətini açır. Lakin Şəfiqə ona qapını göstərir.
Lütfəli bəy intiqam tələsi qurmağa başlayır; o, Cəlili məhv etməyi qət edir.
Lütfəli bəyin təsiri nəticəsində Cəlil sərxoşluğa, qumara və daha başqa pis əməllərə qurşanır, sirkdə atçapan gözəl bir qadınla (Regina Lazareva) tanış olur, ona külli miqdarda pul xərcləyir. Lütfəli bəylə əlbir olan atçapan qadın Cəlillə birlikdə səyahətə çıxır və onun pullarını götürüb qaçır. Cəlil ayılıb özünü müflis görür.
Bu müddət ərzində Lütfəli bəy Cəlilin evini əlinə keçirir, Şəfiqəni qovur. Şəfiqə bir zamanlar əri ilə tacir Həsənin yanında qulluq edən qoca Qurbanın (Yevgeni Muromski) evində özünə sığınacaq tapır. Cəlil Bakıya qayıdır. O, qadınını və oğlunu tapır. Lakin ailəsinin ağır günlərinə dözə bilməyən Cəlilin ürəyi partlayır. Cəlilin ölümündən xəbər tutan hiyləgər Lütfəli bəy Şəfiqəyə evlənməyi təklif edir. Şəfiqə bu təklifi eşitcək səbri tükənir; bıçağı Lütfəli bəyin sinəsinə sancır…
“Ədəbiyyat və incəsənət”
(24.04.2025)