Bu il Böyük Britaniya üçün çox xüsusi bir ildir. Biz Azərbaycanla Britaniya arasında diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edirik. İkitərəfli əlaqələrimiz çox güclüdür və əminəm ki, gələcəkdə daha da sıx olacaq.
AzərTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya səfirinin müvəqqəti işlər vəkili Filip Barkley VII Britaniya Film Festivalının açılışı zamanı jurnalistlərə müsahibəsində deyib.
Festivalın ilk günü “Hersoq” retro-komediyasının nümayiş olunduğunu deyən Barkley bildirib ki, filmdə baş rolu Cim Brodbent oynayır: “Aktyor “Harry Potter and the Half-Blood Prince” filmində professor Horace Sluqhorn rolunu möhtəşəm oynayıb. Mənim qızlarım bu filmi çox sevir. Düşünürəm ki, tanınmış kino tənqidçilərinin rəğbətini qazanan “Hersoq” tamaşaçılara xoş anlar bəxş edəcək”, - deyə Barkley əlavə edib.
Bildirib ki, martın 15-dək davam edəcək festival çərçivəsində 7 film nümayiş ediləcək. Filmin nümayişləri Nizami Kino Mərkəzi və “YARAT” Müasir İncəsənət Məkanında olacaq.