Yox, mən kimisə qınamıram, sadəcə, reallıqdan danışmaq istəyirəm…-ESSE Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

“Bəlkə də..."

Aylar öncə bu başlıqda hekayəm yayımlanmışdı bu portalda. Gələcəyə dair ümidləri, keçmişə dair kaşkiləri toplamışdım bir neçə sətirdə. İndi isə bir film haqda danışacağam sizlərə. "Bəlkə də.."

 

Siz keçmişə gedə bilsə idiniz nə edərdiniz? Nəyi dəyişərdiniz? Sadəcə öz həyatınıza toxunardınız, ya bəşəriyyət üçün də addımlar atardınız?

Bugün bu filmi izləmək fürsətim oldu. Ssenari haqda çox danışmayacam, amma mütləq izləmənizi tövsiyə edərəm.

Onu demək istəyirəm ki, insanın özü ilə, öz mənliyi ilə, bir də ümumən bəşəriyyətlə əlaqəsini düşünməsi üçün gözəl, anlamlı bir filmdir. Keçmişə dönüşü axtaran bir alimin macəraları o qədər gözəl təsvir edilib ki... İzləyərkən əslində bu həyatda nə qədər önəmli missiyalara sahib olduğumuzu düşündüm. Bizim hamımız müxtəlif kimliklərdə, mənsubiyyətdə, irqdə olan varlıqlarıq. Ümumi olaraq isə varlığımızın bir adı var. "İnsan". 

 

İnsan nələrə qadirdir? Bu dünyadakı hər şey bizim əlimizdəndir. Gözəlliklər, savaşlar, xəstəliklər, cinayətlər. Qismətlə yanaşı bizim seçimimizdir bütün addımlarımız. Bəziləri səhvlər, bəziləriysə bilə-bilə sürükləndiyimiz uçurumlardır. Bəs yaxşı, siz bir alim olsanız, zamanda səyahət edəcək bir mexanika quracaq olsanız, keçmişə dönüb nəyi dəyişərdiniz? 

 

Mən keçmişə dönüb ilk olaraq 1-ci kursa dönər qurduğum dostluq münasibətlərinə, atdığım addımlara bir daha nəzər yetirərdim. Sonra 11-ci sinfə dönmək istərdim. 11-ci sinif universitet hazırlıqlarıma baxar, seçimlərimi düzəldər, gələcəyimə yön verərdim. Sonrası üçün də xeyli planım var. Bunların çoxu öz həyatımla bağlıdır. Daha doğrusu, bugünə qədər elə idi. "Bəlkə də" filmini izlədikdən sonra anladığım bir şey oldu ki, biz insanlar həyatı sadəcə özümüz üçün yaşamırıq. Kainatda, yer kürəsində yaşayan hər kəsin həyatı bir-birindən görünməz zəncirlə bağlıdır. Filmdən sonra düşündüm. Bu dünya üçün nə edərdim deyə. Əgər lap keçmişə dönəcək olsam, o zaman ilk müharibəyə əngəl olar, ilk silahların yaranmağına şərait yaratmazdım hər halda. Çünki belə baxıram ki, bugün işlənilən cinayətlərin də elə başlanğıcı oradan gəlir. 

 

Gəlin qəbul edək. Biz insanlar nankor və mənfəətcilik. Yox, mən kimisə qınamıram, sadəcə, reallıqdan danışmaq istəyirəm. İnsan sözünün kökü elə "unutmaq" mənasına gəlir. Biz soyumuzu da, keçmişimizi də, tarixi də, gələcəyin varlığını da unudanlarıq. Bu həyatı özümüz üçün yaşamağa öyrəşmişik. Amma bir düşünün. Həqiqətən aramızdan biri Habil kimi (filmin baş qəhrəmanı) özünü qurban verməyə hazır olsa idi, o yarasanı yeməyə maneə olsaydı, ya da ilk dünya müharibəsindən öncə o cinayəti saxlasaydı necə olardı? Düşünün, dünyada ölkələr yox, dillər yox, millətlər yox. Milyardlarla insan sevgi ilə, hörmətlə dünyanı bölüşür. Səyahət üçün maneələr yox, tarixi və yerli anlayışı yox. Belə bir dünya sizin təsəvvürünüzdə nəyi canlandırır? Dəmir dövründə yaranan ilkin silahlara və dövlətləşməyə maneə olmaq bəlkə də bu cür bir dünya verərdi bizə. Düzdür, bu tam yaxşı olardımı, heç kim bilə bilməz. Amma sizi bilmirəm, şəxsən mən, anaların, övladların gözüyaşlı şəhid atalarının məzarında ağladığı dünya yerinə bərabərhüquqlu, dövlətsiz və millətsiz həyatı seçərdim.

Bəs siz necə?

Keçmişə getsəniz bu dünya və özünüz üçün nələri dəyişərdiniz?

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.