Almaniyada Azərbaycan əleyhinə olan filmə etiraz

Almaniyada yaşayan beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər həmin ölkəyə məxsus “DW Documentary” internet kanalının Azərbaycan əleyhinə hazırladığı sənədli filmə etiraz olaraq, ARD və ZDF televiziyalarına məktub ünvanlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Asəf Əsgər "Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi" adlı proqramda birtərəfli yanaşmanın ortaya qoyulduğunu, Ermənistan və onun havadarlarına istinadən çoxlu sayda dezinformasiyadan istifadə edildiyini bildirib.

Ekspert bu cür yanaşmaların iki ölkə arasında sülh müqaviləsinin razılaşdırıldığı bir vaxtda separatçıların yenidən fəallaşmasına səbəb ola biləcəyini qeyd edib.

Bundan əlavə, torpaqlarımızın işğalından, Xocalı soyqırımından, Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından qovulmuş 1 milyondan çox azərbaycanlıdan və ölkəmizə vurulan 100 milyardlarla ziyandan nə üçün bəhs edilmədiyi sualını verib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqlarını erməni tapdağından azad etməsinin haqq-ədalət prinsiplərinə əsaslandığını bildirərək, işğalçı tərəfin birmənalı şəkildə Ermənistan olduğunu vurğulayıb.

Məktubun sonunda anti-Azərbaycan mövqeyinin sərgiləndiyi filmin yayımlanmasına görə üzrxahlıq tələb edilib.

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.