Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət”
Rejissor Rasim Ocaqovun 1975-ci ildə ekranlaşdırdığı “Tütək səsi” filmi barədə danışmaq istəyirəm. 1976-cı ildə premyerası baş tutan “Tütək səsi” filmi Xalq yazıçısı İsa Hüseynovun “Saz” və “Tütək səsi” əsərləri əsasında ekranlaşdırılıb.
İkinci dünya müharibəsi başlayan gündən hamı bir nəfər kimi vətənin dar günündə cəbhəyə yola düşdü. Bunların arasında kəndin kolxoz sədri olan Muxtar da var idi. Muxtarı bütün kənd əhalisi sevib sayırdı. Muxtarın yerinə sədrliyə təyin olunan Cəbrayıl kişi əhali arasında o qədər də sevilmirdi. Cəbrayıl kişi ta cavan vaxtlarından Muxtarın həyat yoldaşı olan Sayalını sevirdi. Muxtarın qara kağızının gəlməsi Sayalı ilə birlikdə olması üçün Cəbrayıla bir növ yol açdı. Onsuz da kənd əhalisinin xoş qarşılamadığı Cəbrayılın Sayalı ilə evlənməsi işin dadını əməlli-başlı qaçırtdı. Artıq Cəbrayıl kənd əhalisinin gözündə düşməndən fərqsiz idi.
Həm də Muxtarla Cəbrayıl yaxın dost idilər.
Bütün kənd əhalisi Cəbrayılın kənddən getməsi üçün var gücü ilə çalışırdı. Hər şeydən ziyadə Sayalının oğlu Cümrü bu evliliyi birmənalı qarşılamadı. Hətta evliliyə etiraz olaraq evi tərk edərək fermada yaşamağa başladı. Anası Cümrünü evə geri gətirmək üçün çox çalışdı. Lakin Cümrü inadından dönmədi. Bu inad ucbatından əkin-biçin işlərində də ciddi axsamalar yaşandı. Cəbrayıl əlacsızlıqdan müəyyən işləri təkbaşına görürdü. Nəhayət, kənd əhalisi inadından əl çəkib şumlama işlərində kömək etdilər və taxıl müvəffəqiyyətlə yığılıb cəbhəyə göndərildi.
Hər şey yolunda getsə belə Cümrünün anasına qarşı olan kini bitmək bilmirdi. Qara kağız gəlməsinə rəğmən, atasının nə ölüsü, nə də dirisi gəlib çıxmışdı. Sonda Cümrü yaxalandığı xəstəlikdən dolayı vəfat elədi. Filmin sonunda kəndin poçtalyonu Milli kəndə əsgər gəldiyini xəbər verdi. Kim bilir, bəlkə də bu, hamının öldü bildiyi Muxtar idi.
Həyat da belədi, heç nədən əmin və arxayın olmadan yanlış addımlar atmayın ki, ağır nəticələrlə rastlaşmayasınız.
Qeyd edim ki, film dram janrında çəkilmişdir.
“Ədəbiyyat və incəsənət”
(28.03.2025)