BİZİM KİNO - “Hökmdarın taleyi” Featured

 

Murad Vəlixanov, “Ədəbiyyat və incəsənət”

 

 2008-ci ildə rejissorlar Ramiz Fətəliyev və Dilşad Fatxulinin lentə aldığı “Hökmdarın taleyi” filmi Azərbaycan tarixinin ən çətin və mürəkkəb dövrünü əhatə edir. Ekran əsəri dövlətçilik tariximizin qapalı məqamlarının öyrənilməsində xüsusi əhəmiyyət kəsb edir. Böyük dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” faciəvi pyesinin motivləri əsasında çəkilən filmin ssenari müəllifi yazıçı-dramaturq Elçin Əfəndiyevdir.

 

Mürəkkəb süjet xətti olan, gərgin dramatizmi ilə fərqlənən film Şəkidə çəkilmişdir. Film hökmdarın siyasi meydanda tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. İbrahimxəlil xanın apardığı siyasətlə ətrafı heç cür razılaşmır və sonda bu onun tək qalmasına və ailəsi ilə birlikdə qətlinə gətirib çıxarır. Bu filmin çəkilməsində əsas məqsəd cəmiyyətə xanlıqlara parçalanan bir dövlətin var olma mücadiləsi zamanı torpaqlarının ona düşmən olan Rusiya və İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsini göstərmək və insanlara dostunu və düşmənini ayırd etməsini təlqin etməkdir.

Bir tərəfdən Qarabağ xanlığının işğal və məhv edilmə təhlükəsi, digər tərəfdən isə o dönəm bölgənin Şuşadan sonra ən tarixi və görkəmli şəhərlərindən olan Gəncənin işğal edilmə təhlükəsi ilə üz-üzə dayanan bir dövlətdə aclıq və qıtlıq üçüncü bir tərəfdən başa bəla olmuşdu. Bunu fürsətə çevirmək istəyən Rus çarı I Aleksandr general Sisianova Gəncənin tez bir zamanda işğal edilməsini və adının dəyişdirilərək Yelizavetpol qoyulması barədə əmr verir. Aclıq və qıtlıq hər nə qədər dizboyu olsa belə heç kim vətənin dar günündə silahını atıb geri çəkilməzdi və çəkilə bilməzdi də. Nəticədə hər kəs “madam ki, qismətimizdə ölüm var, canımızı döyüş meydanında verəcəyik” deyib düşmənlə son ana qədər vuruşdu. Və son olaraq böyük Gəncə şəhərinin xanı Azərbaycan ordusunun sərdarı və sərkərdələrindən olan Cavad xan geri addım atmadı və canını təslim edənə qədər vuruşdu.

Gəncənin işğalından sonra Rus imperiyasının növbəti hədəf Qarabağ xanlığı və xanlığın baş şəhəri olan Şuşa idi. Şuşanın adı gələndə düşmənlərin ağzı boş yerə sulanmırdı. Gözəl təbiəti, gəzməli-görməli yerləri, valehedici görkəmi və.s xüsusiyyətləri düşmənlərin iştahını qabartmaya bilməzdi. İlk həmlə İran şahı Ağa Məhəmməd Şah Qacardan gəldi və İbrahimxəlil xanı özündən aslı vəziyyətə saldı. Bu ölkəni hər zaman azad və abad görməyə alışıq olan şair və eyni zamanda İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqif I Yekaterinaya məktub yazaraq İran ordusunun bölgədən çıxarılması üçün kömək istədi. Bunu eşidən Ağa Məhəmməd Şah Qacar böyük bir ordu toplayaraq Şuşaya yürüyüş etdi və Qarabağ xanı İbrahimxəlil xan taxt-tacını ataraq qaçdı. Ancaq Molla Pənah Vaqif sağ ələ keçirildi. İran şahı qarşısında qorxmazlığı və baş əyməməyi Qacarı bərk qəzəbləndirdi və onun sübh tezdən edam edilməsi barədə əmr verdi. Lakin Qacarın vəziri onu bu qərardan geri döndərdi. Çünki Molla Pənah Vaqif xalqın sevib saydığı şəxslərdən idi, onun edam edilməsi Qacarın bir milləti qarşısına almasına bərabər idi.

Sonda Qacar öz əsgərləri tərəfindən xaincəsinə öldürüldü. İbrahimxəlil xanın soyundan gələn Məhəmməd Cavanşir taxta keçdi və Molla Pənah Vaqifi oğlu ilə birlikdə edam etdirdi.

Mövzunu toparlasaq, görürük ki, insan dostunu və düşmənini seçə bilmir. İstər dövlət olaraq, istərsə də fərd olaraq, sənə ziyan verəcək biri ilə münasibət qurmaq köynəyin düymələrini yanlış ilmələmək kimidir. Əvvəldən yanlış olduğunu axıra çatmayana qədər anlamırsan.

Bu həyatda çalışın, dostunuzu da, düşməninizi də doğru seçəsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(24.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.