Karan Sinq: “Biz filmin çəkilişlərini apararkən Qarabağ işğal altında idi”

 

“Filmin ideyası italyan hərbi fotoqrafı Enriko Sarsini tərəfindən irəli sürülmüşdü. Mən onunla ilk dəfə görüşəndə Vyetnamda çəkdiyi şəkillərlə bağlı danışmaq istəyirdim, ancaq o, Qarabağda baş verən hadisələrdən danışdı. Mən hərbi əsir Natiq Qasımov haqqında öyrənəndən sonra başa düşdüm ki, bu hekayə dünyaya çatdırılmalıdır.

AzərTAC xəbər verir ki, bu sözləri “Oğul” sənədli filmin rejissoru və ssenari müəllifi Karan Sinq filmin təqdimatı zamanı jurnalistlərə müsahibəsində deyib.

“Ermənistana gedəndə ailəsinə söz verdim ki, Natiq Qasımovun başına gələnləri mütləq öyrənəcəyəm. Onu tapa bilməsəm də, haqqında çox məlumatlar öyrənə bildim. Qasımovlar ailəsinə dərin minnətdarlığımı bildirirəm, çünki onlar olmasaydı film də ərsəyə gəlməzdi”, - deyə Karan Sinq bildirib.

Mövzunun tək Azərbaycana xas olmadığını, bəşəri bir məna daşıdığını deyən rejissor bildirib ki, ailədə kimsə itkin düşərsə bunun hansı effekt verəcəyini başa düşmək, dərindən anlamaq çox vacibdir.

Qeyd edib ki, çəkiliş qrupu filmi çəkərkən bir çox çətinliklərlə rastlaşıb: “Qarabağda çəkilişlər apararkən bu ərazilər o zaman Ermənistanın işğalı altında idi. Buna baxmayaraq biz Ermənistandan Qarabağa keçib, erməni zabitlərindən və bu hadisənin şahidi olmuş insanlardan müsahibə götürməyi bacardıq. Bizim üçün çox vacib idi ki, apardığımız araşdırmalar qərəzsiz, dəqiq olsun və heç bir tərəfkeşlik edilməsin”.

Filmin 3 il ərzində ərsəyə gəldiyini deyən rejissor bildirib ki, ekran əsərinin çəkilişləri 2016-cı ildə başlayıb və 2019-cu ildə başa çatıb. Bunun üçün yaradıcı heyət Azərbaycana gəlib, sonra Ermənistan tərəfdən Qarabağa keçib, Rusiyada olub və hətta münaqişənin baş verdiyi kilsənin yerini tapıb.

“Film beş dilə tərcümə olunub. Filmin ilk premyerası 2021-ci ilin iyul ayında ABŞ-ın “Whistleblower Film Festivalı”nda, daha sonra noyabrda “Şimali Dakota İnsan Hüquqları Film Festivalı”nda təqdim edilib. Filmi Xocalı soyqırımın 30-cu ildönümündə Bakıda nümayiş etdirməyi özümüzə borc bildik”, - deyə rejissor əlavə edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.